""3+3" işləməyəcək, Cənubi Qafqazda əsas yol ikitərəfli əməkdaşlıqdır” - POLİTOLOQ

  • “Rusiya Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəyir, amma...”

Cənubi Qafqazda geosiyasi proseslərin intensivləşdiyi, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin aktuallaşdığı bir vaxtda 3+3 formatının gələcəyi yenidən diqqət mərkəzinə gəlib. Regionun üç ölkəsini -Azərbaycan, Ermənistan və Gürcüstanı, eləcə də onların üç böyük qonşusunu -Rusiya, Türkiyə və İranı bir araya gətirməyi nəzərdə tutan bu platformada növbəti görüşün keçirilməsi məsələsi gündəmə gətirilib. Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda belə bir görüşün baş tutacağına ümid etdiklərini bildirib. Moskva 3+3 formatını Cənubi Qafqazda regional əməkdaşlığın inkişafı, ortaq maraqların uzlaşdırılması və mövcud problemlərin müzakirəsi üçün perspektivli platforma kimi təqdim edir. Lakin regionda fərqli geosiyasi maraqların toqquşması, Ermənistan-Azərbaycan münasibətlərindəki proseslər, Gürcüstanın formata münasibəti və böyük dövlətlər arasında rəqabət bu təşəbbüsün gələcək perspektivlərini sual altında saxlayır. Bəs 3+3 formatında növbəti görüş hansı məsələləri əhatə edə bilər? 

Formatla bağlı danışan Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Birliyimiz kimi, “3+3” formatı fikri 2020-ci ilin dekabr ayında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Zəfər paradında səsləndirilmişdi:

“ O dövr üçün bu, kifayət qədər aktual bir format idi. Bu formatın yaradılması ilə bağlı təşəbbüsün irəli sürülməsi onunla əlaqədar idi ki, regiondan kənar qüvvələr buradakı proseslərə müdaxilə edərək Azərbaycan və Ermənistan arasında sülhə mane olmağa çalışırdılar. O zaman bu format kifayət qədər optimal bir format hesab oluna bilərdi. Həmin vaxt Gürcüstan istisna olmaqla, digər ölkələr bu formatda iştirak etməyə razılıq verdilər. Yəni Rusiya Azərbaycan və Türkiyənin təşəbbüsünü dəstəklədi. İran da sonradan Rusiyanın təşviqi ilə bu prosesə qoşuldu. Bir müddət xarici işlər nazirlərinin görüşləri müxtəlif paytaxtlarda keçirilsə də, sonradan bu formatda fəaliyyət dayandırıldı. İndi onun yenidən canlandırılmasına çalışılması daha çox Rusiya tərəfindən gündəmə gətirilir. Bu da, onunla bağlıdır ki, son illər Cənubi Qafqazda Rusiyanın mövqeləri açıq şəkildə zəifləyib və Moskva öz mövqeyini gücləndirmək üçün həmin formatdan istifadə etməyə çalışır. Amma düşünürəm ki, yaxın vaxtlarda bu formatın toplanması tam şəkildə mümkün olmayacaq. Çünki ən azı format yarandığı ilk vaxtlarda Gürcüstan onun işində iştirak etməkdən imtina edib və buna səbəb kimi Rusiyanın Gürcüstan ərazilərini işğal altında saxlamasını göstərib. Həmin problem hələ də qalmaqdadır. Düşünürəm ki, hətta digər ölkələr buna razılıq versələr belə, Ermənistanın da razılıq verəcəyi mübahisəlidir. Gürcüstanın bu formatda iştirakdan yenə imtina edəcəyini düşünürəm. Çünki Gürcüstanın vaxtilə önə sürdüyü problem hələ də qalmaqdadır. Yəni Gürcüstan əraziləri Rusiyanın işğalı altında qalır”.

Analitik qeyd edib ki, bu formatın toplanması çətindir:

“ Əgər toplansa, belə onun müəyyən bir fayda verəcəyini də düşünmək real deyil. Çünki tam şəkildə bu formatın toplanması mümkünsüz görünür. Hesab edirəm ki, Rusiyanın məhz bu format vasitəsilə Cənubi Qafqazda öz təsir imkanlarını artırmaq niyyəti var. Bu isə heç də bütün dövlətlərin marağında deyil. O baxımdan bu format işlək formata çevrilə bilməz. Daha önəmli olan ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir. Yəni Cənubi Qafqazda hər kəs öz istiqamətini müəyyənləşdirməyə çalışır. Azərbaycanın Cənubi Qafqazla bağlı ən optimal təşəbbüsü 2023-cü ilin noyabrında irəli sürülüb. Üç il öncəki bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, üç Qafqaz ölkəsi əməkdaşlıq formatı yaratmaqla bölgədə sülh və sabitliyi təmin edə, əməkdaşlıq mühitini inkişaf etdirə bilər”.