- Natiq Cəfərli: “Quru sərhədlər açılmayınca turizmdə inkişaf gözləmək absurddur”
- “Gürcüstan turistləri Ermənistana da aparır, Azərbaycan isə kənarda qalır”
Azərbaycan hökuməti turizmi ölkə üçün yenə də prioritet sahələrdən biri elan edib və bununla bağlı yeni proqram qəbul olunub. Mütəxəssislər isə hesab edirlər ki, quru sərhədlər açılmayınca turizm sahəsində inkişaf gözləmək absurddur. Quru sərhədlər bağlı qaldıqca turizm nəinki inkişaf etməyəcək, əksinə, getdikcə zəifləyəcək. Mövcud statistik rəqəmlər də bunu təsdiqləyir.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, regionda turizm sahəsində əsas rəqiblərimiz Gürcüstan və Ermənistandır. Buna görə də turizmi inkişaf etdirmək istəyiriksə, həmin ölkələrin atdığı addımları da nəzərə almalıyıq.
N.Cəfərli Sherg.az-a açıqlamasında ölkəmizə gələn turistlərin sayı ilə bağlı açıqlanan statistik rəqəmlərin vəziyyətin heç də ürəkaçan olmadığını göstərdiyini bildirib:
“2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstana gələn turistlərin, yaxud xarici vətəndaşların sayı 3 faizə yaxın artıb. Bu dövrdə Gürcüstana 6 milyon 112 min 78 beynəlxalq ziyarətçi gəlib. Qonşu ölkənin turizmdən gəlirləri 4,4 faiz artaraq 3,8 milyard dollara yaxınlaşıb. Otellərin doluluq səviyyəsi Batumidə 84, Tbilisidə isə 79 faiz olub. Ölkə üzrə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 67 faizə çatıb.
Azərbaycana isə 2026-cı ilin yanvar-sentyabr aylarında 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb.
Sentyabr ayı üzrə rəsmi məlumat olmadığından, yanvar-avqust aylarının göstəricilərinə nəzər salsaq, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ümumilikdə 1 milyard 873 milyon 318,2 min manat vəsait xərcləyiblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azdır. Yəni, ilk səkkiz ayda turizm gəlirləri cəmi 1,1 milyard dollar təşkil edib. Ölkə üzrə otellərin doluluq səviyyəsi isə cəmi 23 faiz olub”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda hər il turistlərin sayı və onların xərclədiyi vəsait azalır, artım müşahidə olunmur. Hökumət isə bütün bunları görməzdən gələrək problemləri həll etmək əvəzinə, növbəti dəfə kağız üzərində qalacaq yeni sənədlər qəbul edir:
“Halbuki, məsələ sadədir: quru sərhədlər açılmalı, Gürcüstana səfər edən xarici vətəndaşların Azərbaycana da gəlməsi üçün qonşu ölkə ilə birgə cəlbedici təkliflər hazırlanmalıdır.
Yeri gəlmişkən, Ermənistan artıq bunu edir. Son üç ildə Ermənistana gələn turistlərin sayının kəskin artması, həm də Gürcüstanla bağlıdır. Həmin ölkəyə gələnlər quru yolla, daha ucuz qiymətə Ermənistana da keçirlər.
Gürcüstan turizmdən ildə 6-7 milyard dollar gəlir əldə edir. Hər il turistlərin sayı və turizm gəlirləri artır. Biz isə yerimizdə sayırıq, hətta geriləyirik. Özü də Gürcüstan artıq ucuz ölkə deyil, orada qiymətlər artıb. Deməli, əhalinin gəlirləri də yüksəlib”.