- İndiki dövrdə çap mediasını qoruyub saxlamaq özü böyük fədakarlıqdır
“Şərq” qəzeti media sahəsində mənim üçün dost ünvanlarından biridir. Bu qəzetin məktəb illərindən oxucusu olmuşam. Hələ orta təhsil aldığım dövrdən qəzet oxumağı çox sevirdim. Qəzet köşklərindən böyük həvəslə qəzetlər alırdım. “Şərq” ən çox aldığım qəzetlərdən biri idi. Qəzetdə tarixi və siyasi mövzularda yazılmış məqalələri oxumağı xoşlayırdım.
Tale elə gətirdi ki, sonradan “Şərq” qəzetində mənim də yazılarım dərc olundu. Daha sonra ekspert kimi açıqlama və müsahibələrim qəzetin səhifələrində yer almağa başladı.
Qəzetin illərdir dəyişməyən, dövlətçilik, milli maraqlar və türklük ideyalarını əsas tutan nəşr siyasəti hər zaman xüsusi diqqətimi cəlb edib. Geosiyasi proseslər, daxili və xarici siyasət, iqtisadiyyat və mədəniyyət mövzularında məqalələrin dərc olunması qəzet komandasının peşəkar mütəxəssislərdən ibarət olduğunu göstərir.
Bir məqamı xüsusi qeyd etmək istərdim ki, internet dünyasının sürətlə inkişaf etdiyi bir dövrdə çap mediasını qoruyub saxlamaq özü böyük fədakarlıqdır. 30 ildir ki, “Şərq” qəzetinin kollektivi bu missiyanı uğurla davam etdirir.
Bu qəzetin kollektivi mənim üçün hər zaman doğma və əziz olacaq. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı başda olmaqla, bütün kollektivi təbrik edir, onlara uğurlar arzulayıram.
Elnur Eltürk,
Diaspor üzrə araşdırmaçı ekspert