Pişiklərin gizli ünsiyyət dili: Sahiblərinə hansı işarələrlə mesaj verirlər?

Pişiklər insanlarla yalnız miyoldamaqla deyil, quyruq hərəkətləri, qulaqlarının vəziyyəti, göz qırpmaları və bədən dili vasitəsilə də ünsiyyət qururlar. Bəzən sahibinin ayağına sürtünməsi, bəzən gözlərini yavaş-yavaş bağlaması, bəzən də quyruğunu müxtəlif formalarda hərəkət etdirməsi əslində mühüm mesajlar daşıyır. Mütəxəssislərin fikrincə, bu kiçik işarələri düzgün anlamaq pişiklərin ehtiyaclarını və əhvalını müəyyənləşdirməyə kömək edir.

Sherg.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, ev heyvanlarının sahibləri pişiklərinin bəzi davranışlarını sadəcə sevimli vərdiş hesab etsələr də, bu hərəkətlərin arxasında fərqli mənalar dayanır. Pişiklər özlərini güvəndə hiss etdikdə, oynamaq istədikdə, qorxduqda və ya narahat olduqda bədən dilləri ilə bunu ifadə edirlər.

Araşdırma zamanı pişiklərin 186 fərqli üz ifadəsi qeydə alınıb. Tədqiqatçılar bu ifadələrin bir çoxunun dostluq və ünsiyyət istəyini əks etdirdiyini müəyyənləşdiriblər.

Məsələn, pişiyinizin gözləri rahat və yarıbağlı vəziyyətdədirsə, bu, onun özünü təhlükəsiz hiss etdiyini və ətrafına güvəndiyini göstərir. Belə anlarda onunla daha yaxın münasibət qurmaq mümkündür.

Digər tərəfdən, pişiyiniz gözlərini qıyır və qulaqlarını arxaya əyirsə, bu, narazılıq və ya aqressiya əlamətidir. Belə vəziyyətdə onun istəmədiyi bir hərəkət edib-etmədiyinizə diqqət yetirmək lazımdır.

Bununla belə, araşdırma zamanı bütün üz ifadələrinin mənası müəyyənləşdirilməyib. Tədqiqatçılar 48 ifadəni hələ də izah edə bilməyiblər.

Ümumilikdə, pişiklərin üz ifadələrinin bu qədər müxtəlif olması mütəxəssisləri təəccübləndirib. Əvvəllər onların üz əzələlərinin az hərəkət etdiyi və buna görə də mimikalarının məhdud olduğu düşünülürdü. Lakin araşdırma pişiklərin əslində çoxsaylı üz ifadələrinə malik olduğunu üzə çıxarıb.

Tədqiqatın nəticələrinə əsasən, pişiklərin üz ifadələrini formalaşdıran 26 fərqli üz hərəkəti var. İtlərdə bu göstərici 27, insanlarda isə 44-dür.

Araşdırmanın müəlliflərindən biri, Arkanzas ştatındakı Lion Kollecinin tədqiqatçısı doktor Britani Florkeviç bildirib ki, pişiyin dostcanlı olub-olmadığını anlamaq üçün onun qulaqlarına, gözlərinə və bığlarına diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, ağız nahiyəsi də pişiyin aqressivlik səviyyəsi barədə mühüm məlumat verir.

Araşdırmaya görə, qeydə alınan üz ifadələrinin yarıdan çoxu pişiyin oynamaq istədiyini göstərir. Məsələn, dodaqlarının kənara çəkilməsi, alt dişlərinin görünməsi, ağzının açıq və çənəsinin gərgin olması ilk baxışda aqressiv təsir bağışlasa da, əslində oyun istəyinin əlaməti ola bilər.

Pişiyin oynamaq istəmədiyini göstərən əlamətlər

Tədqiqatçılar pişiklərin digər heyvanlarla oynamaq istəmədiyini və qarşıdurmaya hazırlaşdığını göstərən bir neçə əlaməti də müəyyən ediblər:

-Dodaqlarını yalamaq: Pişiyin gərgin olduğunu və qarşıdurmaya hazırlaşdığını göstərir.

- Qulaqlarını arxaya çəkmək: Qulaqların başın arxasına doğru yönəlməsi və ya tamamilə yastılanması narahatlıq əlamətidir.

-Göz bəbəklərinin daralması: Bu da gərginlik və mümkün aqressiya göstəricilərindən biri hesab olunur.

Pişiklərin bu davranışlarına diqqət yetirməklə onların nə hiss etdiyini və nə istədiyini daha yaxşı anlamaq mümkündür. Bəzən sevimli dostunuzun sizə çatdırmaq istədiyi mesaj sadəcə yaxınlıq və oyun istəyindən ibarət ola bilər.