Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı təyyarəsinin Aktau şəhəri yaxınlığında qəza enişi etməsi Azərbaycan cəmiyyətində və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.
Dövlət başçısının AzTV-yə müsahibəsi bir çox qaranlıq məqamların aydınlığa qovuşmasında müstəsna rol oynayıb. İlham Əliyev hələ də cavabı tapılmayan sualları səsləndirib.
Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli olub? Şübhəsiz ki, sualların hamısı təyyarənin “qara qutu”larının şifrələrinin çözülməsindən sonra ortaya çıxacaq.
Prezidentin hadisə ilə bağlı verdiyi müsahibədə Rusiya tərəfinin məsuliyyətini etiraf etməsi, üzr istəməsi və təzminat ödəməsi kimi konkret tələblər irəli sürülüb.
Siyasi şərhçi Asif Nərimanlı da "Sherg.az"a bildirib ki, Prezident İlham Əliyev AzTV-yə müsahibəsində AZAL-ın təyyarəsinin vurulması ilə bağlı bütün məsələlərə, xüsusilə “Bakı Moskva qarşısında geri çəkilir” tipli yanaşmalara aydınlıq gətirib. Ekspertin fikrincə Prezidentin açıqlamaları və verdiyi mesajları bir neçə kontekstdə qiymətləndirmək olar:
"Azərbaycan Rusiya təyyarənin vurulmasına görə məsuliyyətdən yayınmaq cəhdlərini qəbul etməyəcək. Moskvanın məsuliyyəti PUA hücumu edən Ukraynanın üzərinə qoymaq, yaxud ən azı bölüşdürmək cəhdləri var. Putinin Əliyevə zəngində qeyd etdiyi məqamlar da bunu deməyə əsas verir. Əliyev isə təyyarəyə yerdən atəş açıldığını xüsusi vurğulamaqla məsuliyyətin birbaşa Rusiyanın üzərində olduğu mesajını verdi.
Prezident həmçinin Rusiyanın təyyarənin vurulma faktını ört-basdır etmək istədiyini açıq şəkildə dilə gətirib. Hansı ki biz Rusiyanın hadisəni gizlətmək və istintaqa təsir etmək cəhdlərinin olduğunu əvvəldən də qeyd etmişdik. “Duman”, “qaz balonun partlaması”, təyyarə ekipajının Aktauya uçmaq seçimini etməsi kimi iddialar irəli sürməklə araşdırmanı MDB müstəvisinə daxil etməyə çalışırdılar.
İlham Əliyev isə Rusiyanın cəfəng versiyalarla baş verənləri gizlətməyə çalışdığını açıq şəkildə bəyan etdi. Lakin rəsmi Bakı Moskvanın hadisəni ört-basdır etmək cəhdinə imkan verməyib. Beynəlxalq ekspertlərdən ibarət yaradılan işçi qrupuna təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin (MDB) nümayəndələri də daxildir. Əliyev əlavə etdi ki, Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri aparıcı rollarda yox, işçi qrupun tərkibində olan üzvlər kimi prosesdə iştirak edir" .
Rusiyanın araşdırmanın nəticələrinə təsir etmək imkanlarının sıradan çıxarıldığını vurğulayan A. Nərimanlı əlavə edib ki, Bakının aydınlıq gətirilməsini tələb etdiyi suallar ictimai rəydə də müzakirə edilən məsələlərdir:
"Prezident “yerdən atəşin açılması” detalını dəfələrlə vurğulamaqla “təyyarənin Rusiya tərəfindən vurulduğunu bilirik” mesajını verir. Eyni zamanda, təyyarənin Aktauya niyə göndərilməsi üzərində xüsusilə dayanır və bunun bilərəkdən, izin itiriməsi məqsədilə edilməsi versiyasının olduğuna diqqət çəkir. Əks versiyanı – Aktaunun açıq məkan olduğu üçün ekipaj tərəfindən seçildiyi ehtimalını da xatırladır, lakin “yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi” qeydi ilə Bakının birinci versiyanın üzərində dayanacağı, araşdırmanın bu istiqamətdə aparılacağı mesajını verir.
Prezidentin vurğuladığı əsas məsələlərdən biri də Qroznı hava limanında “kavyor əməliyyatı”nın (Xalça əməliyyatı) nə vaxt elan edilməsidir. “Kavyor əməliyyatı” təyyarənin vurulmasından öncə elan edilməsi məsuliyyətdən yayınmaq imkanı yaradır. Əliyev isə bəyan etdi ki, “...bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər”.
Bu, günahkarların Qroznıda olduğunun mesajı və Bakının Moskvadan “günahkarların cəzalandırılması” tələbində israr etdiyi deməkdir".
Siyasi şərhçinin sözlərinə görə diqqət çəkən əsas məqamlardan biri də rəsmi Bakının təyyarənin vurulmasına görə öz tələblərini Moskvaya rəsmi şəkildə təqdim etməsidir:
" Rusiyanın Azərbaycandan üzr istəməlidir tələbi artıq yerinə yetirilib. Digər tələb isə odur ki, Rusiya öz günahını etiraf etməli, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Ölkə başçımız da açıq mesaj verdi: məsələ Putinin üzrxahlığı ilə bitmir, Moskva Bakının daha iki tələbini yerinə yetirməlidir".