İrəvanın reallıqda sülhə yaxınlaşmasını istəmirlər - ŞƏRH

Məhz Ermənistan ordusundakı xarici dairələrə işləyən qüvvələrin əliylə sabitliyi pozur, təxribatlara əl atırlar

Erməni cəmiyyəti radikal, şovinist təşkilatların yalan təbliğatının qurbanı olub və həqiqəti yalanlardan ayıra bilməyib. Bu barədə bloger Albert İsakov Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, bu təbliğat bir çox azərbaycanlının, eləcə də, Azərbaycandan olan ermənilərin talelərinə pis təsir edib: 

"Biz Azərbaycan və Ermənistan arasında sülh perspektivlərindən danışırıq, lakin bu daha çox fəlsəfi görünür". A.İsakov, müharibənin ailəsinə gətirdiyi ağrını bölüşmək üçün videobloq aparmağa başladığını söyləyib. Bloger azərbaycanlılar, o cümlədən Qərbi Azərbaycandan qovulmuş və Qarabağdan məcburi köçkün düşmüş insanların müsbət reaksiya ilə qarşılaşdığını vurğulayıb: "Mən insan mərhəmətinin böyük bir qatını gördüm. İnsanlar mənim yanıma öz faciəli hekayələri və ağrıları ilə gəlirdilər". Onun fikrincə, dağıdılmış talelərə görə məsuliyyəti erməni şovinizmi və radikal millətçilik daşıyır. A.İsakov hesab edir ki, hazırda ermənilərin və azərbaycanlıların bir cəmiyyətdə dinc yanaşı yaşamasını təsəvvür etmək çətindir: Xüsusilə bu, erməni tərəfi üçün çətindir. Erməni cəmiyyəti, əgər buna inkişaf demək mümkündürsə, öz inkişafında dalana dirənib. Onlar şüurlu çıxış yolu axtarır. Ermənistandan olan insanlarla da ünsiyyət qururam və onlar hələ ki, azərbaycanlılarla yanaşı necə yaşamaq olar təsəvvür edə bilmirlər". 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, sülh danışıqları prosesi yekunlaşma ərəfəsindədir. Artıq sülh danışıqlarının son mərhələsindəyik. Gündəmdə olan əsas məsələ sülhlə bağlı müqavilə mətninin imzalanmasıdır. Ekspert bildirib ki, bunun üçün Ermənistan Azərbaycanın ən mühüm iki şərtini - Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi tələbini qəbul etməli və icra etməlidir:

"Konstitusiya dəyişikliyi üçün Ermənistan referenduma getməlidir. Görünən odur ki, sülh sazişi imzalanana, Bakının tələbləri icra edilənədək şərti sərhədlərdə erməni tərəfindən atəşkəsin pozulması hallarına rast gələcəyik. Ermənistan öz təxribatlarından əl çəkmək niyyətində deyil. Avropa İttifaqının "müşahidə missiyası" da erməni təxribatına xidmət edir. Atəşkəsin intensiv pozulmasına dair Ermənistanın sözünü, mövqeyini təkrarlayan bir missiyadan obyektiv, ədalətli münasibət gözləməyə dəyməz". 

Analitik diqqətə çatdırıb ki, Avropa İttifaqında bəzi ölkələr üçün Ermənistanın Azərbaycanla sülh bağlaması qəbuledilməz və arzuolunmaz hal kimi dəyərləndirilir: 

"Ona görə də İrəvanın reallıqda sülhə yaxınlaşmasını istəmirlər. Məhz Ermənistan ordusundakı xarici dairələrə işləyən qüvvələrin əliylə sabitliyi pozur, təxribatlara əl atırlar. Ancaq Paşinyan hökumətinin təxribatlardan uzaq olmasını da iddia etmək doğru olmaz. İrəvan hökuməti özünü sudan quru çıxartmağa çalışsa da, reallıq odur ki, Paşinyan administrasiyası bu vəziyyətə görə məsuliyyət daşıyır və hətta bu vəziyyətdən öz xeyrinə istifadə etməyə səy göstərir".