Məlum olduğu kimi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə xəritəsi yaradılır. Bununla bağlı bəyannamə imzalanıb. Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə idarəsinin rəisi, general-mayor Osman Alp məlumat verib ki, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhali bölgüsü, miqrasiyalar, mədəni sərvətlər, adət və ənənələr, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdiriləcək. General diqqətə çatdırıb ki, məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır: “Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən əsas xəritə tez bir zamanda hazırlanacaq. Xəritələr türk dövlətlərini Türk Birliyi adına bir araya gətirəcək mühüm simvol olacaq”. Qeyd edək ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptəkin Cahangir İşbilir də paylaşım edib.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, əsas məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır. Onun sözlərinə görə, bu, sıradan bir coğrafi xəritə deyil:
"Söhbət eyni zamanda, Türk dünyasının kültür (mədəniyyət), etnoqrafik, toponimik, ədəbi xəritəsinin yaradılmasından gedir. Belə bir unikal xəritənin araya-ərsəyə gətirilməsi Türk dünyasının inteqrasiyasını daha da sürətləndirə bilər. Ortaq xəritənin hazırlanması strateji məsələdir. Bu Türk dünyasının müdafiə və təhlükəsizlik məsələsidir. Vahid iqtisadi gücə, qlobal geosiyasi aktora çevrilmə məsələsidir. Bir sözlə, ortaq xəritənin yaradılması bir dünya gücünə çevrilməyimizin açarı olacaq. Odur ki, ortaq əlifbanın və ortaq bayrağın ardınca ortaq xəritənin də yaradılması istiqamətində hərəkətə keçilməsi birlik və bərabərliyimizin möhkəmlənməsinə, Türk birliyinin dönməz sürəcə çevrilməsinə önəmli bir qatqı, böyük bir töhfədir".