"Şuranın gələcəyini ABŞ liderinin qərarları müəyyən edəcək”
Dünən Davosda ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurası” nizamnaməsinin imzalanma mərasimi keçirilib. Mərasimdə 20 ölkənin nümayəndəsi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Şuranın əsas məqsədi D.Trampın Qəzza müharibəsinin bitirilməsi üçün irəli sürdüyü 20 maddəlik sülh planının icrasına nəzarət etməkdir.
Bir sıra media qurumlarının yaydığı məlumata görə, təşəbbüsə qatılmaq, istəyən liderlərdən 1 milyard dollar vəsait tələb olunur. Təşkilata qoşulmaqdan imtina edən dövlətlərin sayı da az deyil. D.Tramp Rusiyanın dəvəti qəbul etdiyini iddia etsə də, Moskva məsələnin dəyərləndirildiyini bildirərək, məlumatı təsdiqləməyib. Çin isə ABŞ tərəfindən hazırlanmış qətnamədə, BMT-nin Qəzzanın gələcəyindəki rolunun aydın şəkildə göstərilməməsini əsas gətirərək, bitərəf qalmağı seçib. Norveç və İsveçin dəvəti rədd etməsi, eləcə də İtaliyanın iqtisadiyyat nazirinin Şuraya qoşulmanın gələcəkdə problemlər yarada biləcəyini vurğulaması, Avropada təşəbbüsə qarşı ehtiyatlı mövqenin mövcud olduğunu göstərir. Ən diqqətçəkən məqamlardan biri isə Fransa prezidenti Emmanuel Makronun təklifi qəbul etməməsidir. D.Tramp buna cavab olaraq Fransanı şərab və şampanlarına 200 faiz gömrük rüsumu tətbiq etməklə hədələyib. Bir sözlə, “Sülh Şurası” ideya olaraq Qəzzanın gələcəyi üçün yeni idarəçilik modelini təqdim etsə də, qlobal legitimliyi hələ sual altındadır.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, "Sülh Şurası" təşəbbüsü ilk dəfə 2025-ci ilin sentyabrında gündəmə gətirilib: 
“Həmin mərhələdə İsrail-Fələstin münaqişəsi, xüsusilə Qəzza probleminin həlli istiqamətində beynəlxalq müstəvidə müxtəlif yanaşmalar və təkliflər müzakirə olunurdu. 2025-ci il noyabrın 17-də BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzza planını dəstəkləyən qətnamə qəbul edib. Həmin dövrdə, ABŞ və bir sıra ərəb dövlətləri Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasına Qəzza ətrafında baş verən hadisələrlə bağlı rəsmi müraciət ünvanlayıblar. Sözügedən müraciətdə Sülh Şurasının yaradılması ideyası öz əksini tapıb. Sonrakı mərhələdə ABŞ lideri və onun komandası Sülh Şurasını təşkilat formasına çevirməyi özlərinə əsas məqsəd kimi gördülər. İlkin mərhələdə Şura anlayışı yalnız Qəzza ətrafında yaranmış vəziyyətin idarə olunmasına yönəlsə də, sonradan təkcə həmin regionla məhdudlaşmayaraq, beynəlxalq münaqişələrin həlli mexanizmi kimi formalaşdırıldı”.
Analitik Şuraya üzv dövlətlərin maliyyə mexanizmləri məsələsinə də ətraflı şəkildə toxunub:
“Azərbaycanın təşəbbüsdə iştirakı ölkənin beynəlxalq müstəvidə artan rolunu, həmçinin ABŞ-Azərbaycan münasibətlərindəki mövcud dinamikanı əks etdirir. Sülh Şurasının fəaliyyət modeli məcburi maliyyələşmə prinsipi üzərində deyil, könüllü töhfələr əsasında qurulub. Ölkələr üçillik müddət üçün hər hansı maliyyə öhdəliyi götürmədən də Şuraya üzv ola bilərlər. Lakin 3 ildən artıq daimi üzvlük statusu üçün dövlətlərdən ən azı 1 milyard ABŞ dolları ianə tələb olunur. Toplanan vəsaitlər əsasən Qəzzanın bərpası və davamlı sülhün təşviqi üçün maliyyə resurslarının cəlb edilməsinə yönəldiləcək. Sülh Şurasının gələcək illərdəki fəaliyyəti və prioritet istiqamətləri təşkilatın sədri qismində çıxış edən, ABŞ liderinin qərarları əsasında müəyyən ediləcək”.
Aybəniz Səfərova