Paşinyanın sülh vədlərini reallaşdırması hələ mümkün görünmür - ŞƏRH

Ermənistanın Avropa kursu Rusiya ilə yeni qarşıdurma yarada bilər

Ermənistanda mayın 8-dən etibarən başlayan seçki kompaniyası ötən gün səsvermə prosesi ilə yekunlaşıb. Baş nazir Nikol Paşinyan daxildə Kremlin dəstəklədiyi müxalifət qüvvələrinin basqısı ilə qarşılaşdığı kimi, xarici siyasətdə də Rusiyadan gələcək təhdidlərlə üz-üzə qalmışdı.

Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 49,81% səs toplamaqla rəqiblərindən fərqlənib. Parlament seçkilərində ermənilər faktiki olaraq sülh və müharibə arasında seçim etmək məcburiyyətində idi. Seçkilərin nəticələri xalqın sülhdən yana olduğunu göstərir. Paşinyan bu günki açıqlamasında, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaq niyyətində olduğunu açıqlayıb. Hazırda regionun geosiyasi gələcəyini izləyənlərin nəzərləri iki nöqtəyə dikilib: Seçkilərdən sonra Azərbaycanla sülh prosesinin taleyi necə olacaq ? Paşinyan hökuməti Avropa doğru yol alacaq yoxsa yenidən Rusiyanın orbitinə qayıdacaq?

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev Sherg.az-a bildirib ki, Ermənistan hökumətinin yürütdüyü siyasəti diqqətlə izlədikdə, yavaş addımlarla Qərbə doğru yol aldığını görə bilərik:

“Avropa İttifaqının viza liberallaşdırılması dialoquna dəstək üçün Ermənistana 2,2 milyon avro ayırması və tərəflər arasında bağlanan yeni müqavilələr İrəvanın xarici siyasətdə Avropa vektoruna üstünlük verdiyinin bariz sübutudur. Aİ faktiki olaraq Ermənistan məhsullarının güzəştli şərtlərlə, Avropa bazarlarına daşınmasına köməklik göstərir. Paşinyan özü də dəfələrlə, Ermənistanın strateji gələcəyinin məhz Aİ-yə inteqrasiyadan keçdiyini bəyan edib. Bu açıqlama Nikolun parlament seçkilərindən sonrakı kursunun hansı istiqamətdə formalaşacağını göstərir”. 

Ekspertin sözlərinə görə, Paşinyan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə də münasibətlərin normal müstəvidə davam etdirilməsinə səy göstərəcək:

“Bunu nə vaxta kimi uğurla davam etdirəcəyini söyləmək isə çətindir. Çünki Ermənistandakı seçkilərin şəffaflığına dair Moskvanın irəli sürdüyü şübhələr, tərəflər arasında siyasi qarşıdurmanı alovlandırır. Paşinyan sülhdən danışsa da, faktiki olaraq Ermənistan Konstitusiyasının giriş hissəsində yer alan Müstəqillik Bəyannaməsində, Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Bunların mövcudluğu yekun sülh sazişinin imzalanmasına kölgə salır”. 

Politoloq onu da qeyd edib ki, Azərbaycanın sülh üçün irəli sürdüyü əsas şərt Ermənistanda konstitusiya dəyişikliyinin reallaşdırılması üzərində dayanıb:

“Hazırda Paşinyanın partiyası referenduma getmək və konstitusiyanı dəyişmək üçün zəruri olan konstitusion çoxluğu əldə edə bilməyib. Nikol sülhdən nə qədər bəhs etsə də, mövcud şəraitdə sadaladığım işlərin həyata keçirilməsi mümkün görünmür. Paşinyan hökumətinin sülh prosesinə sadiqliyi yalnız seçkilərdən sonra Azərbaycanın fundamental tələblərini yerinə yetirib-yetirməyəcəyindən asılı olacaq”.