Almaniyanın hərbi gücünü sürətlə artırması və müdafiə sahəsinə milyardlarla dollar vəsait ayırması digər Avropa ölkələrində ciddi narahatlıq doğurub.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin təhlilinə əsasən, Kansler Fridrix Mertsin rəhbərliyi ilə həyata keçirilən bu hərbi dönüş Avropa rəsmilərini qitədəki mövcud güc balansının pozulması ehtimalı ilə üz-üzə qoyub. Mövcud vəziyyət XIX əsrdə Avropa dövlətləri arasında birləşmiş Almaniyanın nə dərəcədə güclənə biləcəyi ilə bağlı aparılan "Alman məsələsi" müzakirələrini xatırladır..
Qəzet yazır ki, Polşa tərəfi Almaniyada sağçı qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə keçmiş ərazi iddialarının bərpa olunmasından ehtiyat edir. Fransa isə Berlinin qitədəki aparıcı hərbi dövlət statusunu onun əlindən alacağından narahatdır.
Məlumata görə, Berlin son vaxtlar müdafiə sahəsində Avropalı tərəfdaşları ilə əməkdaşlığı azaldıb, Fransa və Niderlandla birgə həyata keçirilən çoxmilyardlıq layihələrdən çıxıb. Kil Dünya İqtisadiyyatı İnstitutunun göstəricilərinə əsasən, Almaniya hərbi büdcəsinin əsas hissəsini yerli istehsala və ABŞ texnologiyalarına yönəldir, Avropalı müttəfiqlərə isə cüzi pay ayrılır.