Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən parlament seçkilərindən sonra regional normallaşma prosesində daha qəti addımların atılacağına ümid etdiyini bildirib.
Sherg.az-ın məlumatına görə, nazirliyin açıqlamasında qeyd olunur ki, 7 iyun 2026-cı ildə Ermənistanda keçirilən parlament seçkiləri sülh və sakit şəraitdə başa çatıb. Ankara tərəfi seçkilərdən sonrakı dövrdə Ermənistanın regionda sülh və münasibətlərin normallaşdırılması istiqamətində daha konkret addımlar atacağını gözləyir.
Bildirilib ki, Türkiyə indiyədək olduğu kimi, bundan sonra da regionda sabitlik və rifahın təmin olunmasına töhfə verməyə davam edəcək.
Ermənistanda keçirilən seçkilərdə 16 partiya və 2 blok iştirak edib. İlkin nəticələrə görə, parlamentə üç siyasi qüvvə keçib, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 49,82 faiz səslə birinci yeri tutub.