Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi

İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan Xarici İşlər Nazirlərinin 10-cu Üçtərəfli Toplantısının yekununda İstanbul Bəyannaməsi imzalanıb.

Sherg.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya-Ukrayna müharibəsi regionun təhlükəsizliyinə birbaşa təsir göstərir və tərəflər arasında sülhün əldə olunması bölgənin sabitliyi üçün həyati əhəmiyyət daşıyır. O, diplomatik səylərin və sülh təşəbbüslərinin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Fidan qeyd edib ki, 14 ildir fəaliyyət göstərən üçtərəfli əməkdaşlıq mexanizmi Cənubi Qafqazda etimadın, sabitliyin və iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, enerji, nəqliyyat və kommunikasiya layihələri regionu daha dayanıqlı və strateji əhəmiyyətli məkana çevirib.

Nazir Azərbaycan-Ermənistan sülh prosesini dəstəklədiklərini bildirərək, Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasının və sülh sazişinin gecikdirilmədən imzalanmasının vacibliyini qeyd edib.

Toplantının sonunda Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İstanbul Bəyannaməsini imzalayıblar.