İrana müdaxilə olarsa, Türkiyə neytral qalacaq - TƏHLİL

"Çünki Suriyadakı PKK probleminin həllində İsrail və ABŞ nəinki tərəfsiz qaldı, əksinə Vaşinqton Türkiyə və Suriyanın yeni hakimiyyətini təqdir etdi"

İranla bağlı regiondakı gərginlik son vaxtlar həm daxili, həm də beynəlxalq siyasət üçün əsas diqqət mərkəzindədir. Ölkədə siyasi böhran, kütləvi etirazlar və iqtisadi çətinliklər mövcud rejimin qərarvermə mexanizmlərini ciddi şəkildə zəiflədir. Eyni zamanda, ABŞ, İsrail və digər beynəlxalq aktorlar İrana qarşı mümkün hərbi müdaxilə variantlarını nəzərdən keçirirlər.

Bu hadisələrin fonunda İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Fox News”a müsahibəsində deyib ki, İran xalqının mübarizəsi təkcə özü üçün deyil, həm də dünyanı terrorçu rejimdən xilas etmək üçündür. Rza Pəhləvi ABŞ Prezidentinin ritorikasındakı dəyişikliklə bağlı deyib ki, bu dəyişiklik Trampın hələ nəzərdən keçirdiyi bütün variantlar barədə açıq danışmaq istəmədiyi və qərarlarını strateji mülahizələr çərçivəsində saxlamağa üstünlük verdiyini göstərə bilər.

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında İrana müdaxilənin qaçınılmaz olduğunu söyləyib: 

"İrana müdaxilənin beynəlxalq koalisiyanın yaxud, ABŞ və İsrailin edəcəyi dəqiq məlum deyil. Hələ bunu ölçüb-biçirlər. Əslində ABŞ öz qərarını verib. Sadəcə zaman və fürsət üçün əlverişli şərait yaradır. Əslində edamların dayandırılması İrana hücumun qarşısını ala bilməz. Şahın oğlu fürsətçillik etmək istəyir. O, gəldiyi təqdirdə dövləti hansı formada idarə edəcəyini, platformasını açıqlamır. Görünür ki, özbaşına olmadığını, yalnız İsrail və ABŞ-nin qərarlarını tətbiq edəcək vali qismində İrana təyin olunmağı gözləyir. Qəbul etmək lazımdır ki, hələ nə farsların nə də türklərin İranın başına keçəsi layiqli namizədləri yoxdur. Şahı da ABŞ və İsrail bir növ sırımağa çalışırlar. Əsas olan şəxsiyyətlər deyil, quruluş, əhalinin hüquq və azadlıqları, sülh və sabitlikdir. İran rejimi tam ömrünü yaşayıb və hazırda nəinki xalqa özünə də ziyan vurur. Emossional, aqressiv ritorika və düşünülməmiş siyasətlə həm dünya ilə, həm də öz xalqı ilə düşmən olar rejim mütləq süquta məhkumdur. Prezident Pezeşkiyan rejimə dəyişikliklər yaxud islahat təklif etdi, bundan imtina etdilər. Elə qüvvələr var ki, hətta ali dini lideri də müəyyən mövqeyə məcbur edirlər. Sepah və Bəsic kimi təşkilatlar radikal və mühafizəkar mövqe tuturlar, prezidentə təziq edirlər". 

Analitik etirazlarda minlərlə insanın öldüyünü deyib:

"Hərbi vəziyyət yaradıb küçələrdə xalqa atəş açırlar. Aşkar şəkildə xalq İranda rejimin girovuna çevrilib. Əslində rejimə qarşı etirazların olmasına Prezidentin naümid çıxışları, siyasi sistemin onun islahatlar aparmasına mane olmasını deməsi də müəyyən qədər rövnəq verdi. Lakin o hələ də rejimin bu hadisələrdən nəticə çıxarmasını gözləyir. İranla bağlı durum ümumiyyətlə indiki qədər gərgin olmayıb. Hələ ABŞ və digər müdaxilə tərəfdarı olan güclər rejimdən sonrakı planı açıqlamırlar. Sadəcə rejimi aradan qaldırmaqda qərarlı olduqları görünür və bunun üçün şah kartından da istifadə olunur. Trampın İrana hava hücumuna əmr verməsi sadəcə ABŞ-nin təhlükəsizlik məsələsinə görə ləngiyir. Vaşinqtonun əsla rejimdən müsbət gözləntisi yoxdur. O, az bir ehtimalla daxildən təsir göstərərək rejimdə parçalanma və yeni kütləvi etirazlar vasitəsi ilə nəyəsə nail olmağa da ümid edir. Amma son anda bu mümkün olmadıqda görünən odur ki, hərbi müdaxilə qaçılmaz olacaq. Rejimin hazırda haçalanmış siyasi böhran yaşaması nornal qərar qəbul edib xilas yolu tapmağa mane olur. Yalnız sərt və barışmaz mövqedə duraraq müharibə yolu seçmək təbii ki, xalqın da etirazları fonunda rejimin intiharı ola bilər". 

T. İrfan İrana müdaxilə olarsa, Türkiyənin neytral qalacağını qeyd edib:

"Türkiyə və bir sıra ərəb ölkələrinin hərbi müdaxiləyə mane olması barədə də Şərq mətbuatında və şərhçilərin rəylərində qeyd olunur ki, bu dəfəki müdaxilədə Ankara neytral qalacaq. Çünki Suriyadakı PKK probleminin həllində İsrail və ABŞ nəinki tərəfsiz qaldı, əksinə Vaşinqton Türkiyə və Suriyanın yeni hakimiyyətini təqdir etdi. Əgər Türkiyə ABŞ-nin İrana müdaxiləsinə maneə yaratmağa davam etsə, həm İsrail, həm də Vaşinqtonun mütəmadi olaraq dəstək verdiyi kürdlər Suriyanı tərk etməzdi. Hər bir halda ABŞ İrana qarşı mümkün əməliyyatlar prosesində Türkiyə və başqa ölkələri neytrallaşdırmağa çalışacaq".