ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası” adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv qismində dəvət edib. Dəvəti qəbul edən Prezident İlham Əliyev ötən gün İsveçrənin Davos şəhərində keçirilən və “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması ilə yadda qalan rəsmi mərasimdə iştirak edib. Tədbirə, Azərbaycanla yanaşı, 19 ölkənin rəsmi nümayəndələri qatılıb. Bununla da ölkəmiz yeni formalaşan beynəlxalq sülh platformasının təsisində fəal iştirak edən dövlətlər sırasında yer alıb. Azərbaycanın təşəbbüsə qoşulmasında başlıca məqsəd, qarşıdurmaların dərinləşməsinin qarşısının alınması, mülki əhalinin qorunması və humanitar fəsadların aradan qaldırılması istiqamətində beynəlxalq həmrəyliyin gücləndirilməsidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ liderinin, Prezident İlham Əliyevi “Sülh Şurasına” dəvət etməsi, ölkəmizin beynəlxalq nüfuzunun, ədalətə və sülhə əsaslanan xarici siyasət xəttinin dünyada qəbul olunduğunun əsas göstəricisidir:
“Bu dəvət möhtərəm Prezident İlham Əliyevin regional və qlobal miqyasda etibarlı, prinsipial və balanslı lider kimi qəbul edildiyinin təsdiqidir. Azərbaycan münaqişələrin həllində dialoq, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipini əsas götürür. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik dövründə nümayiş etdirdiyi mövqe, humanitar təşəbbüsləri və müharibədən sonra da sülh gündəliyinə sadiqliyi bu siyasətin ardıcıl xarakter daşıdığını sübut edir. Həmçinin “Qəzza üzrə Sülh Şurası”nda Azərbaycanın təsisçi üzv kimi təmsil olunması beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi etimadın bariz nümunəsidir. Ölkəmiz Yaxın Şərqdə siyasi sabitliyin tez bir zamanda təmin olunmasının tərəfdarıdır”.
Deputatın sözlərinə görə, “Sülh Şurası”nda təmsil olunan dövlətlər arasında İsraillə ən yüksək səviyyəli əlaqələrə malik İslam ölkəsi məhz Azərbaycandır:
“Bu mənada bizim Şurada iştirakımız hər iki tərəf üçün faydalı olacaq. Prezident İlham Əliyevin prosesə cəlb edilməsi həm də onu göstərir ki, Azərbaycan regional aktor olmaqla yanaşı qlobal humanitar və siyasi təşəbbüslərdə söz sahibi olan dövlətdir. Qəzza kimi həssas və ağrılı bir məsələdə Azərbaycanın mövqeyi humanizmə, ədalətə və beynəlxalq hüquqa əsaslanan yanaşmanın formalaşmasına mühüm töhfə verəcək. Hesab edirəm ki, bu dəvət Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sülhün, sabitliyin və beynəlxalq əməkdaşlığın tərəfdarı olan dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar onu deməyə əsas verir ki, müharibədə zəfər qazanan Azərbaycan, dünyada sülhü təşviq edən, barışın və ədalətin yanında dayanan dövlət kimi qəbul olunur”.
Aybəniz Səfərova