600 baldan yuxarı bal toplayanlar ordumuza dəstək verəcək
Hərbi ekspert deyib ki, yüksək intellektə malik, istedadlı çağırışçıların xüsusi bölmələrdə xidmət etmələri çox gözəl qərardır
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Ordusunda ali təhsilli əsgərlər üçün yeni bölmələr yaradılıb. Bu bölmələrdə qəbul imtahanında 600-dən yuxarı bal toplayanlar və beynəlxalq reytinqi 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Sərəncama əsasən hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Mövzu ilə bağlı fikirlərini paylaşan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər: “Müdafiə Nazirliyi hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edib.
Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.
Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər.
Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar.
Bununla da, Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir. Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır.
Bununla da, təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər”.
Hərbi ekspert Ədalət Verdiyev də “Sherg.az”a açıqlamasında deyib ki, yüksək intellektə malik, istedadlı çağırışçıların gənc əsgər hazırılığından sonra ayrıca bölmələrdə, həm də Milli Müdafiə Universitetinin tərkibində xidmət etmələri çox gözəl qərardır. Onun sözlərinə görə, bu kateqoriya üzrə informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar ordunun rəqəmsal tərəfinin inkişafına töhfə verəcəklər.
Ekspert deyib ki, Azərbaycan Ordusunda fərqlənən, istedadlı gənclərin bilik və bacarıqlarından səmərəli faydalanmaq barədə mediada daha əvvəllər çoxsaylı çıxışları olub:
“Xatırlayırsınızsa, Naxçıvan istiqamətində çox yüksək intellektə malik və əmisi də şəhid olan bir əsgərimiz həmin istiqamətdə həyatını itirdi. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən hələ də araşdırılır. Bundan sonra mən 600 baldan yuxarı bal toplayan xarici universitetlərə qəbul olanların ordumuzda fərqli istiqamətdə öz bilik və bacarıqlarını daha səmərəli şəkildə təqdim edəcək platformada xidmətini təklif etmişdim. Bu baxımdan hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirmələrini müsbət addım hesab edirəm”.
Hərbi ekspertin fikrincə, ən qısa müddətdə biz həmin çağırışçıların potensialının nəticələrini əldə edəcəyik:
“Həm kompüter elmləri, həm informasiya texnologiyaları, həm süni zəka, həm də kibertəhlükəsizlik kimi müasir sahələrdə eyni ixtisasdan olan gənc istedadların bir bölmə tərkibində, xüsusi şəraitdə xidmət etməsi ordumuzun güclənməsinə, ümumilikdə isə Azərbaycanda bu sahədə yeni təkliflərin, platformaların ortaya çıxması ilə nəticələnəcək. Elm və texnologiyanın inkişafına paralel olaraq, ordular onların istifadə etdikləri silah, texnika və avadanlıqlar da inkişaf edir. Bu avadanlıqların istifadəsi üçün də yüksək intellektə malik kadrlara ehtiyac var. Bu kadrların da yaradılan intellektli bölmələrdə yetişdirilməsi imkanları yaranıb. Bu imkanlardan da maksimum istifadə olunacağı şübhəsizdir".