Heç bir ordu əmrsiz qonşu dövlətin mövqelərini atəşə tutmaz
Uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda müşahidə edilən sakitlik fonunda iki ölkə arasındakı şərti sərhəddə silahlar yenidən işə düşüb. Halbuki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması üçün ilk dəfə olaraq tarixi məqam yaranmışdı. Tərəflər artıq bir sıra konseptual məsələlərdə razılaşmalar əldə etmişdi. Bu baxımdan hazırkı şəraitdə atəşkəsin pozulması sual doğurur.
Görünür, Azərbaycan və Ermənistan sülhə yaxınlaşdığı bir zamanda regionda sülh və əmin-amanlıq istəməyən qüvvələr yenə də öz məkrli planlarını işə salıblar.
Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb: “Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”.
Siyasi ekspertlər isə hesab edir ki, Laçın istiqamətində atəşkəsin pozulması regionda sülhü istəməyən qüvvələrin işidir və Ermənistan da bu təxribatda əsas rol oynayır.
Siyasi şərhçi Səxavət Məmməd “Sherg.az"a açıqlamasında Ermənistan silahlı qüvvələrinin mövqelərimizi atəşə tutaraq atəşkəsi pozmasında təəccüblü heç nə görmədiyini deyib. Onun sözlərinə görə, bu cür təxribatlar dəfələrlə baş verib:
“Ermənistan faktiki olaraq Cənubi Qafqazda həm Rusiyanın, həm də Qərbin katalizatoru rolunu oynayır. Ona görə biz eyni vaxtda iki müxtəlif versiya səsləndirib, müdafiə də bilərik. Ola bilər ki, Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması və ondan sonrakı proseslər, rəsmi Bakının Moskvaya qarşı sərt ritorikası hansısa formada Kremli narazı salıb və Azərbaycandan bu münasibətin qisasını almaq üçün də Ermənistan- Azərbaycan şərti sərhədində atəşkəsi pozmaqla Bakıya bu münaqişənin bitmədiyini, hər an alovlandıra biləcəyinin mesajını verir.
İkinci varinat olaraq isə onu deyə bilərik ki, rəsmi Bakı eyni vaxtda Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Ermənistanla bağlı mövqeyini, Fransanın regionla bağlı mövqeyini, xüsusən Azərbaycana qarşı qərəzini sərt şəkildə tənqid edib. Hətta deyərdim ki, son zamanlarda hər iki tərəfi bu qədər sərt tənqid edən ikinci bir dövlət yoxdur. Buna cavab olaraq da Qərbin Ermənistanın əli ilə şərti sərhəddə təxribat törətməsi də istisna deyil”.
Ermənistan ordusunda həm Fransanın, həm də Amerikanın nümayəndələrinin olduğunu vurğulayan S.Səxavət qeyd edib ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası da öz mövcudluğunu saxlayır. Onun sözlərinə görə, Ermənistan ordusunun tərkibindəki müqavilə ilə döyüşən silahlı təşkilatların belə həm Rusiyaya, həm də Qərbə bağlılığı var:
“Bu təşkilatları Qərbdəki erməni lobbisi maliyyələşdirsə də, onların arasında siyasi baxımdan Rusiyaya meyilli olan qüvvələr var. Bu baxımdan uzun müddət sonra Ermənistan silahlı qüvvələrinin mövqelərimizi atəşə tutmasında konkret bir tərəfi ittiham etmək doğru deyil. Hər ikisini günahkar hesab edib əsaslandıra bilərik. Lakin istənilən halda təxribatların arxasında Ermənistan faktoru dayanır. Bu dövlət həm Rusiya, həm də Qərb üçün hərbi baxımdan son dərəcə önəmli bir mövqedə yerləşir. Türkiyə, İran, Gürcüstan və Azərbaycanla sərhədi olan Ermənistan bu regionda katalizator olacaq yeganə ölkədir. De-yure müstəqil olan Ermənistana qarşı bu mövqe dəyişməyəcək və o, hər zaman eyni məqsədlə böyük dövlətlərin əlində oyuncağa çevriləcək. Ermənistanın coğrafi mövqeyi bu dövlətin heç vaxt de-fakto müstəqil olmayacağını göstərir. Hər nə qədər şərti sərhəddə törədilən təxribatlar zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan məsuliyyətdən yayınıb, hadisədən xəbərsiz olduğunu vurğulasa da, bunun cəfəngiyyat olduğu şübhə doğurmur. Heç bir ordu əmrsiz qonşu dövlətin mövqelərini atəşə tutmaz. Hadisə 31 dekabr gecəsi baş versəydi, buna əsgərlərin bayram şənliyi kimi don geyindirmək olardı. Hadisənin bayramdan bir neçə gün sonra baş verməsi artıq bəhanələrə yer qoymur. Səbəbindən, arxasında duran qüvvələrdən asılı olmayaraq əsas və birbaşa günahkar Ermənistandır və bütün oxlar da onlara qarşı yönəldilməlidir”.