Vaşinqtondan Bakıya yeni silah paketi gözlənilir
ABŞ Bakıya ödənişsiz silah verə bilər
Zəngəzur dəhlizinin təhlükəsizliyi prioritetdir
Ötən həftə ABŞ-nin briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib ki, Kris Makkininin səfəri Birləşmiş Ştatlar və Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi. Qeyd olunub ki, səfər çərçivəsində general-mayor Makkini Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib. Həm Müdafiə Nazirliyinin, həm də Fövqəladə Hallar Nazirliyinin nüvə, radioloji, kimyəvi və bioloji təhlükələr üzrə mübarizə bölmələri ilə müzakirələr aparıb. Makkini səfər çərçivəsində Azərbaycanın, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə dair ortaq maraqları vurğulayıb.
Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a deyib ki, Azərbaycanın NATO çərçivəsində əməkdaşlıq etdiyi ölkələrin sırasında ABŞ də yer alır. Ekspert bildirib ki, Azərbaycan ABŞ-nin Əfqanıstan kampaniyasında önəmli rol oynayıb:

"Azərbaycan tranzit və logistika məqsədilə ABŞ-yə dəstək olub. Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq Vaşinqtonda prezidentlər arasında imzalanmış strateji əməkdaşlıq üçün niyyət protokolu çərçivəsində əməkdaşlığın konturlarını öyrənmək məqsədi daşıya bilər. Müdafiə məhsullarının ABŞ-dən alınmasının çeşidləri müzakirə oluna bilər. Azərbaycanın ABŞ-dən gözləntiləri fonunda, xüsusən, Zəngəzur dəhlizinin açılması istiqamətində görüləcək işlər və bunun gətirə biləcəyi risklərin qarşısının alınması üçün Azərbaycanın silah arsenalının genişləndirilməsində ABŞ-nin həm ödənişsiz, həm də ödənişli silah alınmasının perspektivləri mövcuddur. İkitərəfli əməkdaşlıq regionda Azərbaycana qarşı addımların atılmasının qarşısını almaqla yanaşı Azərbaycanın ABŞ ilə digər regionlarda da əməkdaşlığını özündə ehtiva edə bilər. Məsələn, Yaxın Şərqdə..".