Xəlilzadə lap Messi kimi qol vurdu, ürəyim açıldı - Yazarlar millimizin oyununu dəyərləndirdi




 Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində beşinci oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız Xorvatiya yığmasını qəbul edib. Komandamız Uelsə 1:2 hesabı ilə uduzduqdan sonra baş məşqçi start heyətinə 2 dəyişiklik edib.



Xorvatiyanın baş məşqçisi Zlatko Daliç isə “11”-liyə toxunmayıb. Xorvatiya yığmasının kapitanı İspaniya “Real Madrid”nin yarımmüdafiəçisi Krivotsyukun əllə oynamasından sonra təyin edilən penaltini dəqiq yerinə yetirib və hesab 1:0 olub. Oyunun 72-ci dəqiqəsində qonaqları məyus edən Təmkin Xəlilzadə hesabı 1:1 edib. Qarşılaşma heç-heçə başa çatıb. Milli komandamızın 1:2 məğlubiyyətindən sonra Xorvatiya millisi ilə heç-heçə etməsi futbol cameəsində sevinclə qarşılanıb. Hətta “dünya ikincisi” ilə hesabı bərabərləşdirməyi “qələbə” kimi də dəyərləndirənlər də olub.

Məsələn, millət vəkili Aydın Mirzəzadə fesybuk profilində millinin oyununu müsbət dəyərləndirib:




“Əgər Azərbaycan dünya futbolunun ikincisi olan Xorvatiya ilə oyunu heç-heçə başa vurursa, onda Azərbaycan dünya futbolunun neçəncisidir?
Dünya ikincisi ilə bərabər oynamaq kiçik də olsa uğurdur. Xorvatlar və bütün ciddi futbol dünyası ölkəmizin bugünkü oyununu tez-tez xatırlayacaq”. 

Oyununun nəticəsi ilə bağlı “Sherg.az”a danışan millət vəkili, futbol həvəskarı Aqil Abbas da milli komandanın üzərinə düşdüyünü etdiyini deyib. Ancaq deputat Xorvatiya haqqında “dünya ikincisi” ifadəsinə etirazını bildirib:



““Dünya ikincisi” sözü nə deməkdir?! Deyirlər, komandamız “dünya ikincisi”i ilə bərabərə qaldı, yaxşı onda “dünya yüzüncüsü”nə niyə uduzdu?! O gün Aydın Mirzəzadənin bir statusunu oxudum, gülmək məni tutdu.  Xorvatiya güclü komandadır, amma millimiz də yaxşı oynadı. Ümumiyyətlə, Avropada zəif komanda yoxdur”. 

Parlament üzvü komandanın qrupdakı şansını bu cür dəyərləndirib: “Millimizin qrupdakı şansını baş məşqçi Nikola Yurçeviç “qiymətləndirib”. Açıqlamasında deyib ki, “qrupda beşinci yer bizimdir”. Qrupda beş komanda var. Belə çıxır ki, axırıncı yer milli komandamızındır. Əgər bunu komandanın baş məşqçisi dilə gətirirsə, bəri başdan axırıncı yeri tutacağımızı deyirsə, onda getsin öz işinin dalınca. Yurçeviç özü komandını ruhdan salır. O, hansı ağılla işləyir, bilmirəm. Halbuki millimiz yaxşı oynadı, əvəzetmələr olsaydı, nəticə daha yaxşı olardı. Araz Abdullayev və Ağabala Ramazanov oyuna girsəydi, fərqli mənzərə ola bilərdi. Təmkin Xəlilzadə lap Messi kimi qol vurdu, ürəyim açıldı, sevindik. Qara Qarayevə də eşq olsun. Mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin oyunu da mənə çox ləzzət elədi. Uşaqlar canlarını qoyur, amma baş məşqçi komandanı sonuncu yerdə görür”. 

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də “Sherg.az”a bildirib ki, uzunmüddətli uğursuz seriyadan sonra 1 xalın qazanılması, özü də bunun dünya ikincisi olan Xorvatiya yığması kimi güclü bir komanda ilə oyunda əldə edilməsi böyük uğurdur:



“Komandamız oyunun ikinci hissəsində yaxşı oyun nümayiş etdirdi. Uelslə səfərdə keçirdiyimiz görüş də müəyyən ümidlər vermişdi. Özümüzə gəlmək, biabırçılıqdan yaxa qurtarmaq üçün xal toplamaq vacib idi. Amma 2 oyun, qazanılan 1 xal gələcəyə çox da ümidlə baxmağa imkan vermir. Məsələ burasındadır ki, oyunçu potensialımız böyük deyil. Çempionatımız da getdikcə zəifləyir. Futbolçularımız da xaricə çıxa bilmirlər. Baş məşqçimiz Yurçeviçin də oyunçu seçimi ilə bağlı qəribə seçimləri olur. Bütün bunlar gələcəyə çox da böyük ümidlərlə baxmağa imkan vermir. Millimiz yenə də davamlı müsbət nəticələr göstərmək iqtidarında deyil. Belə olan halda, ümid yenə ayrı-ayrı oyunlarda göstərilən təsadüfi nəticələrə qalır”.

Tanınmış idman yazarı Ceyhun Əliyev “Sherg.az”a açıqlamasında hər iki oyunu stadiondan izlədiyini deyib. Onun sözlərinə görə, Kardifdəki matçda millimiz seçmə tsiklin ilk oyununda Zaqrebdə Xorvatiya ilə görüşə bənzər üslubu seçmişdi:



“Kompakt oyun, 2 eşalondan ibarət müdafiə - bunlardan birincisi pressinqlə həyata keçirilir, ikincisi isə mövqe müdafiəsi ilə. Fərq bunda idi ki, Zaqrebdə 4-5-1 sxemi ilə oynamışdıqsa, Uelsdə 5-4-1 seçilmişdi. Son Avropa çempionatının yarımfinalçıları millimizin qapısına daxil olan hər iki topu bəxt hesabına əldə etdilər. Bir qədər təzadlı səslənsə də, qrupun aşkar aursayderi olan yığmamızın qolu isə düşünülmüş kombinasiyanın nəticəsi idi. Əslində, Uelsdən 1 xalla dönmək millimizin haqqı idi, amma “Bəxt İlahəsi” həmin gecə meydan sahiblərinin tərəfində idi”. 

Yazar vurğulayıb ki, Xorvatiyaya qarşı görüşdə Nikola Yurçeviç çərçivəni Emil Balayevə həvalə etmişdi:

““Düşünən beyin” obrazında isə Cavid Hüseynov zədəli Riçard Almeydanı əvəzləmişdi. Hüseynovun oyununa “kafi” qiyməti belə vermək tapşırıqla qiyməti yazılan tələbəyə edilən hörmət kimi bir şey olar. Balayevə gəlincə, hələ uzun illər xorvatiyalı futbolçular Emil adı gələndə “qara kabus” kimi xatırlayacaqlar. Açıq deyək, ilk 20 dəqiqədə qonaqların vurulan penaltidən savayı, yaratdığı daha 4 yüzfaizli epizoddan biri qolla nəticələnsəydi, biz bu gün dünya vitse-çempionları ilə heç-heçedən yox, böyükhesablı məğlubiyyətimizdən danışacaqdıq. Bu matçda ən xoş sözlərə layiq oyunçulara gəlincə, Balayevlə yanaşı Ramil Şeydayev, Qara Qarayev, Bəhlul Mustafazadə, Dmitri Nazarov, Emin Mahmudov və qolumuzun müəllifi Təmkin Xəlilzadəni qeyd edərdim.
Bu heç-heçəyə fərqli prizmadan yanaşmaq lazımdır. Uşaqlar Zaqrebdə də, Kardifdə də yaxşı oynamışdılar. Qalırdı bunu nəticədə də əks etdirmək ki, futbolçularda özünəinam formalaşsın. İndi dünya vitse-çempionları ilə heç-heçəmiz var ki, qarşıdakı matçlar növbəti görüşlərdə uğurlu qrafik cızmağımıza nəzərəçarpacaq təkan verə bilər”.

“Milli.az” portalının baş redaktoru Anar İmanov da nəhayət millimiz yaxşı oynadığını və bunun sevindirici olduğunu söylədi:



“İstədiyimiz nəticəni əldə etdik. Komandamız bundan əvvəl də yeni mövsümdə yaxşı oynayırdı, amma ümumilidə yaxşı nəticə əldə edə bilmirdik. Millimiz elə oynayırdı ki, hətta rəqib də bunu etiraf etmək məcburiyyətində qalırdı. Məsələn, Xorvatiya ilə oyundan əvvəl rəqibin aparıcı oyunçusu Domaqoy Vida etiraf etdi ki, “0 xal Azərbaycanın real gücünü göstərmir. Rəqibin yaxşı futbolçuları var”. Xorvatlarla oyunlara gəlincə, fikrimcə bu oyunun 3 əsas qəhrəmanı Ramil Şeydayev, Bəhlul Mustafazadə və qapıçı Emil Balayevdir. Xaricdə "Azərbaycan Messisi" adı verilən Təmkin Xəlilzadə də əla oyun nümayiş etdirdi. Qoldan sonrakı vəziyyəti də o düzgün qiymətləndirsəydi, mənim üçün oyunun əsas qəhrəmanı o olardı. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Fikrimcə, sadaladığım oyunçuların hamısı istisnasız olaraq hazırda xaricdə aparıcı liqalarda, aparıcı klublarda top qovmalıdırlar. Məhz bu amil Azərbaycan futbolunun parlaq gələcəyinə inamı daha da artırar. Emil Balayev Qazaxıstanın "Tobol" klubunda son 6 oyunda bir dənə də olsun qol buraxmayıb. Uels millisi ilə oyunda dünyanın ən yaxşı futbolçulardan biri olan Qaret Beylə "gün verib işıq verməyən" Şeydayev Rusiyanın "Dinamo" klubunda son iki oyunda iştirak etməyib. Xəlilzadə və Mustafazadə isə çempionatımızda "Sabah" klubunun oyunçularıdır. Düşünürəm ki, onların hamısı daha güclü klublara layiqdirlər”. 

Baş redaktorun sözlərinə görə, dünya ikincisi ilə bərabər oyun kifayət qədər böyük nailiyyətdir:

“Millimizin uğurları artdıqca ictimaiyyət tərəfindən dəstək daha da artacaq, Azərbaycanın dünya futbolunda yeri daha da möhkəmlənəcək. Bu mövsümdəki şanslara gəldikdə isə, "E" qrupunda sonuncu olan millimizin AVRO-2020-nin final mərhələsinə vəsiqə əldə etməsinə riyazi olaraq şansı varsa, reallıqda bu möcüzəyə inam azdır. Yaxın gələcəkdə millimizi bu qrupda son üç oyun gözləyir - oktyabrın 13-ü - Macarastınla, 16-sı - Uelslə və 19-u - Slovakiya ilə. Yalnız Uelslə biz evdə oynayırıq, digər oyunlarda qonaq gismində olacağıq. 1-ci-2-ci yerlər üçün şans demək olar ki, yoxdur, amma olsun. Son oyunlar millimiz üçün yaxın gələcəkdə daha güclü olmaq üçün, gələn mövsümdə yuxarı yerlər tutmaq üçün çox gözəl fürsətdir. Millimizdə yeni qan var, məsələn Bəhlul Mustafazadə üçün Uels və Xorvatiya ilə oyunlar əsas millidə keçirilən ilk oyunlar oldu. Yəni hal-hazırda biz yeni, daha güclü komandasının formalaşmasının şahidiyik. İnanıram ki, bu cür gözəl oyunlarla millimiz bizi sevindirməyə davam etsə, yaxın gələcəkdə biz Azərbaycanı Dünya və Avropa çempionatlarının final mərhələlərində görəcəyik”.