Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Oxu.Az xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 26 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Jerar peşəkar karyerasına yetirməsi olduğu PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Anası əlcəzairli olan və Fransa ilə bərabər Əlcəzair vətəndaşlığı daşıyan futbolçu 2018-2019-cu illərdə Belçikanın I divizion klubu “Yunion”un formasını geyinib.
Maraqlıdır ki, “Qəbələ”nin rəsmi saytı bu futbolçunu mərkəz yarımmüdafiəçisi kimi təqdim etsə də, əslində futbolçu daha çox sol cinah oyunçusudur. O, cari mövsüm doqquz oyunda meydanda olub. Yanvarın 24-dən sərbəst futbolçudur və “Qəbələ”yə keçidi pulsuz başa gəlib.
Xatırladaq ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.