“Qarabağ” “Fənərbaxça”nın futbolçusu Alper Potuku heyətinə qatmaq istəyir. Türkiyə mətbuatı xəbər verir ki, Ağdam klubu ulduz futbolçunu icarəyə götürməyi düşünür.
Azərbaycanda transfer pəncərəsi fevralın 3-də başa çatacaq. “Qarabağ” 28 yaşlı futbolçunun transferi üçün İstanbul klubuna təzminat pulu verməkdə çətinlik çəkdiyindən, bu keçid icarə əsasında gerçəkləşdiriləcək.
Alperi “Çaykur Rizəspor” da bu qış istəsə də, klubu onu həmin komandaya buraxmayıb. Futbolçu özü də “Qarabağ”a keçməkdə maraqlıdır. Artıq ön danışıqların baş tutduğu, bəzi məsələlərdə anlaşıldığı bildirilir.
“Qarabağ” Alper Potukun maaşının bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənməsini istəyib. İlinə 1,2 milyon avro qazanan Alper cari mövsümün sonunadək daha 600 min avro İstanbul klubundan maaş almalıdır.
Bu maaşın yarıdan çoxu “Qarabağ” tərəfindən, digər hissəsi futbolçunun məxsus olduğu “Fənərbaxça” tərəfindən ödəniləcək. Bağlanılacaq icarə müqaviləsində mövsümün sonunda “Qarabağ”ın Alperin bütün transfer hüquqlarına yiyələnmək şərti də olacaq.
Alper Potuk bu qış “Qarabağ”ı BƏƏ-nin “Baniyas” klubuna dəyişmiş millimizin braziliyalı mərkəz yarımmüdafiəçisi Hişard Almeydanın yerinə nəzərdə tutulub.
Qeyd edək ki, Alper Potuk 2009-2013-cü illərdə “Əskişəhərspor”da oynayıb. O, 2013-cü ildən “Fənərbaxça”nın futbolçusudur. Türkiyə millisi ilə 17 matça çıxıb, bir qola imza atmış Potukun indiki klubu ilə 2022-ci ilədək müqaviləsi var.