“Dörd ay idi ki, Çində keçiriləcək dünya çempionatına hazırlaşırdıq. Çünki orada medal qazanmaq şansımız vardı. Yaxşı da hazırlaşmışdım. Mən və Aleksis Kopelyo üçtəkanla tullanma yarışlarında iştirak etməli idik”.
Bunu Oxu.Az-a açıqlamasında qapalı məkanda üçtəkanla tullanma üzrə Avropa çempionumuz Nazim Bayramov deyib.
13-15 mart tarixlərində Çinin Nançin şəhərində keçirilməsi nəzərdə tutulmuş 18-ci atletika üzrə qapalı məkanda dünya çempionatı koronavirusa görə təxirə salındı. Azərbaycan idmançıları da bu yarışda mübarizə aparmalı idilər. N.Bayramov yarışın təxirə salınmasına görə təəssüfləndiyini bildirir:
“Heyf ki, koronavirusa görə yarış təxirə salındı. Bu da bizi kədərləndirdi. Halbuki karyeramın ən yaxşı formasında idim. Gücümü indi reytinq xalları verən Qran Prilərdə yoxlayacağam”.
Daha sonra N.Bayramov 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq yollarını açıqlayıb:
“Bildiyiniz kimi, bizdə Olimpiadaya vəsiqəni iki cür qazanmaq olur. Həm nəticə ilə, həm də reytinqlə. Hansısa yarışda 17.14 metrdən çox uzunluğa tullana bilsəm, Olimpiadaya birbaşa vəsiqə qazanıram. 16 idmançı bu nəticə ilə Olimpiadada çıxış etmək imkanı qazanıb. Dünya reytinqi ilə isə ilk 32 idmançı Olimpiadada çıxış etmək hüququ əldə edir. Hazırda reytinqdə 11-ci yerdəyəm. Ümumilikdə, 32 idmançı yarışmalıdır, reytinqdə ilk 16 atlet Olimpiadada iştirak edə biləcək”.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında kişilərdə atletikanın üçtəkanla tullanma növü üzrə yarışların təsnifat mərhələsi avqustun 4-də, final mərhələsi isə 6-da keçiriləcəck.