"Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldonun Portuqaliyadakı evində icazəsiz tikdirdiyi tennis kortu və əlavə binası ilə bağlı məhkəmə işi başladılıb. Portuqaliyanın paytaxtı Lissabonun Geres qəsəbəsində 2,3 milyon funt-sterlinq dəyərində malikanəsi olan K.Ronaldoya qarşı yaşadığı ərazinin xaricində 3200 kvadratmetrlik tennis sahəsi və 1235 kvadratmetrlik əlavə binası olduğu iddiası ilə prosedur qaldırılıb.
Portuqaliya məhkəməsi tennis sahəsinin və binanın sökülməsini tələb edib. Qazandığı 5 Qızıl topla dünyanın ən yaxşı futbolçuları arasında yer alan CR7-nin malikanəsində “qanunsuz” tikdirdiyi tennis kortu və əlavə binasının sökülməsi tələbini məhkəmənin qəbul etdiyi də qeyd edilib.
Mövzu ilə bağlı "Terras de Bouro" yerli administrasiyasının prezidenti cənab Tibo Portuqaliya yerli mətbuatına açıqlama verib:
“K.Ronaldo bizə təsdiq üçün bir layihə vermişdi, nəhayət tikinti icazəsi olan ərazidə mülk inşa etdi. O zaman lisenziyalı idi. Amma o, icazə verilən ərazidən kənarda da tikib və biz o qədər də vacib bir şey haqqında danışmasaq da, bu, qanunsuzdur”.
İngiltərə mətbuatında yer alan xəbərə görə, K.Ronaldoya 2022-ci ilin mart ayına qədər əlavə tikililərin sökülməsi üçün vaxt verilib.
Digər tərəfdən, "Mançester Yunayted"in ulduzu Ronaldonun Geresdəki evini 2 il əvvəl "Real Madrid"dən keçmiş komanda yoldaşı olan və bir müddət "Beşiktaş" forması geyinən Pepeyə satdığı iddia edilsə də, malikanənin əsl sahibi hələ də K.Ronaldo olduğu bildirilib.