Ər-Riyadda bu gün ləğv edilən Türkiyə Superkubokunun “Qalatasaray”-“Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb.
Azərbaycanlı azarkeşlər və sosial media fəalları qardaş ölkənin final matçının Bakıda keçirilməsini təklif ediblər. Qeyd edilir ki, qardaş ölkə komandalarını sevə-sevə qarşılamağa, o cümlədən Atatürkün pankartını özümüz qaldırmağa, İstiqlal Marşını isə bütün stadion boyu oxumaqla birliyimizi bütün dünyaya nümayiş etdirməyə hazırıq.
Xatırladaq ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan Türkiyə Superkubokunun “Qalatasaray”-“Fənərbağça” final matçı ləğv edilib. Buna səbəb kimi isə hər iki komandaya Atatürklə bağlı pankarta, tişörtə və İstiqlal Marşının oxunmasına qoyulan qadağa göstərilir. Bu qadağadan sonra hər iki komandanın oyunçuları qaldıqları oteldən çıxmaqdan imtina ediblər. Nəticədə matç ləğv edilib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan AFFA-nın mətbuat katibi Elnur Məmmədli bildirib ki, bu ilin yay aylarında Türkiyə Futbol Federasiyasının baş katibi, Superkubok oyunu ilə əlaqədar bizimlə əlaqə saxlamışdı:
“O, bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var. Ümumiyyətlə, oyun Azərbaycanda keçirilsə, buna necə baxarsız? Bizim də cavabımız belə oldu təbii ki, müsbət. Maliyyə məsələləri həmin söhbət əsasında müzakirə olunmayıb. Türkiyə Futbol Federasiyasının sabiq baş katibi danışıq əsasında bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq. Lazım gələrsə, yenidən sizə müraciət edəcəyik". Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət oldu. Sonra məsələ ilə bağlı bizimlə əlaqə saxlanılmayıb. Bundan sonrası üçün ilk addım birinci növbədə klubların təqviminə baxmaqdır. Ümumiyyətlə, oyunun nə vaxt keçiriləcəyi hələ məlum deyil. Bütün məsələlər müzakirə olunmalıdır”.
Qeyd edək ki, “Qalatasaray” ilə “Fənərbaxça” arasında Türkiyə Superkubok matçının Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təklif edilib.
Bu təkliflə türkiyəli siyasətçi Sinan Oğan çıxış edib.
“X” platformasında paylaşım edən siyasətçinin sözlərinə görə, əgər oyunun xarici ölkədə keçirilməsi şərtdirsə, o zaman adıçəkilən oyun Xankəndi şəhər stadionunda keçirilsin: “Əks halda, bu final Türkiyənin paytaxtına yaraşır”.
Xatırladaq ki, superkubok oyunu dünən Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin bəzi qadağalar səbəbindən komandalar oyuna çıxmaqdan imtina edib.