“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, o, 7:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. Oyunun sonuna kimi dinamikanı qoruyub-saxladılar. Qarşımızda istəkli bir komanda var idi. Üstünlüyümüz etdiyimiz rotasiyalarda idi. Əvvəlki oyunumuzdan üç gün vaxt keçmişdi. “Kəpəz”lə matçda rotasiya etmişdik. Meydanda hazırlıqlı futbolçuların sayı bizdə daha çox idi. “Sabah” yorğun görünürdü. Buna baxmayaraq, bu komanda məğlub olmağı sevmir. Hesab 4:1, 5:1 olandan sonra da qapımızda xeyli qol epizodları yaratdılar. Müdafiədə oturmadılar, əksinə üstümüzə gəldilər.
Belə hallar istənilən çempionatda həmişə olur. Hətta böyük oyunlarda belə nəticələr qeydə alınır. Biz arxayınlaşmalı deyilik. Bu gün belə hesab oldu, amma “Kəpəz”lə oyunda son saniyələrdə qələbə qazandıq. Futbolda bəzən bizim düşünmədiyimiz nəticələr olur.
Aramızda centlmensayağı anlaşma olmuşdu ki, kubok oyunlarında Aleksey İsayev iştirak etməsin. Biz də danışığımıza əməl etdik”.