Saniyələr dəqiqələrə çevrilir: Bakı avtobuslarında gizli vaxt itkisi

  • Avtobuslarda böyük dəyişiklik tələb olunur, validatorların sayı artırılmalıdır

Avtobuslarda validatorların – gediş haqqı ödəniş cihazının yalnız ön giriş qapısında yerləşməsi sərnişinlərin bir nöqtədə toplaşmasına, sıxlığa və əlavə vaxt itkisinə səbəb olur. Bu haqda nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev danışıb.

“Sherg.az”a açıqlamasında R.Ağamirzəyev qeyd etdi ki, validatorların təkcə avtobusların ön giriş hissədə yerləşməsi mərhələsindən salonun içində də yerləşdirilməsi mərhələsinə keçid edilməlidir: 

- İctimai nəqliyyatda növbəti mərhələ validatorların sayının artırılmasıdır. Məlumdur ki, 2015-ci ildən etibarən Bakıda nağdsız ödəniş sistemi mərhələli şəkildə tətbiq olunur. Artıq 10 ildən çox vaxt keçib və bu müddət ərzində sistem özünü doğruldub. Bu gün avtobusların təxminən 88%-i nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərir. Lakin artıq növbəti mərhələyə keçməyin vaxtıdır. Hazırda əksər avtobuslarda validator yalnız ön qapıda yerləşdiyi üçün bütün sərnişin axını bir nöqtədə cəmlənir. Bu isə dayanacaqlarda avtobusun saxlanma müddətini artırır, minmə prosesini ləngidir, marşrut üzrə tranzit vaxtını uzadır və nəticədə avtobusların orta kommersiya sürətinə mənfi təsir göstərir. Gün ərzində hər dayanacaqda itirilən bir neçə saniyə belə, marşrutun sonunda artıq dəqiqələrlə ölçülən gecikmələrə səbəb olur. Bu gün məqsəd yalnız nağdsız ödənişin tətbiqi deyil, onun daha səmərəli işləməsini təmin etməkdir. Bunun üçün şəbəkədə fəaliyyət göstərən bütün avtobuslarda orta və arxa qapılarda da validatorların quraşdırılması sərnişinlərin bütün qapılardan minməsinə imkan verər, dayanacaq vaxtını azaldar, tranzit müddətini qısaldar və xidmətin etibarlılığını artırar.

R.Ağamirzəyev Gürcüstan təcrübəsini misal çəkdi: 

- Qonşu Tbilisidə də sərnişinlər avtobuslara bütün qapılardan minir və validatorlar qapıların yanında yerləşdirilib. Bu yanaşma sərnişin axınının daha səmərəli idarə olunmasına və avtobusların marşrut üzrə daha sürətli hərəkət etməsinə kömək edir. 10 illik təcrübə göstərir ki, bir qapıda validator modeli artıq öz məhdudiyyətlərini ortaya qoyub. İndi isə vaxt itkisinin azaldılması, sərnişin axınının optimallaşdırılması və ictimai nəqliyyatın daha rəqabətli olması üçün validatorların sayının artırılması zəruridir.