Şəhərin səs-küyünü necə azaldaq? -Ekspertdən TÖVSİYƏ

Mütəxəssis: Yol layihələrində səslərin idarə olunması da nəzərə alınmalıdır 

Şəhərin gözəlliyi və inkişafı təkcə müasir yol-nəqliyyat infrastrukturu, mikro-mobillik, tarixi və ya hündür binaların çoxluğu ilə ölçülmür. Şəhərlər üçün üstün cəhətlərdən biri də səs kirliliyinin minimum olmasıdır. Paytaxtımız üçün təəssüf ki bunu deyə bilmərik. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev şəhərdə nəqliyyat səs-küyünü azaltmağın səs baryerindən innovativ yol örtüyünə qədər həll üsulları olduğunu bildirib.

Sherg.az-a açıqlamasında R.Ağamirzəyev qdyd etdi ki, nəqliyyat səs-küyü şəhər mühitinin keyfiyyətinə birbaşa təsir edən problemlərdən biridir. Bunun həlli üçün yalnız yol kənarında səs maneələri qurmaq yox, səs-küyün mənbəyində azaldılması prinsipindən də istifadə etmək mümkündür: 

- Yol sahəsində innovativ həllər mövcuddur. Bu məsələdə ənənəvi yanaşma magistral və dəmir yolları boyunca səs baryerlərinin quraşdırılmasıdır. Lakin alternativ yanaşma - səsuducu yol örtüklərindən istifadə daha maraqlı imkanlar yaradır. 2015-ci ildə Avropada PERSUADE layihəsi çərçivəsində sınaqdan keçirilən poroelastik yol örtüyü təkər–yol təmasından yaranan səsi azaltmaq üçün hazırlanmışdı. Təkrar emal edilmiş şinlərdən alınan rezin, çınqıl və poliuretan bağlayıcıdan hazırlanan bu örtük akustik ölçmələrdə səs-küyü təxminən 8 dB azaldırdı. Tədqiqatçılar qeyd edirdilər ki, oxşar səs azalmasını ənənəvi baryerlə əldə etmək üçün təxminən 3 metr hündürlüyündə səs maneəsi tələb oluna bilər. Bu yanaşma həm də yol örtüyünün elastikliyi, su keçiriciliyi, yol tutuşu və təkrar emal imkanlarını bir araya gətirir. Lakin belə örtüklərin davamlılığı, qiyməti, iqlim və qış şəraitində davranışı ayrıca qiymətləndirilməlidir. Digər variant isə məsaməli asfalt-beton örtükləridir. Bu örtüklər təkər–yol təmasından yaranan səsi azaltmaqla yanaşı, yağış suyunun drenajına da kömək edə bilər. Digər həllərə təbii maneələr və abadlıq daxildir. Yol boyunca sıx kol və yaşıllıq zolaqlarının yaradılması da şəhər mühitinin yaxşılaşdırılmasına kömək edir. Çəmənlik, kollar və ağaclardan ibarət çoxqatlı yaşıllıq həm vizual baryer yaradır, həm də müəyyən dərəcədə səsin yayılmasını zəiflədir. Burada əsas məsələ bir neçə ağac əkmək deyil, davamlı və kifayət qədər geniş yaşıllıq zolağı yaratmaqdır.

R.Ağamirzəyev səs maneələrinin bununla bitmədiyini, problemin daha bir neçə həll üsulu olduğunu dedi: 

- Məsələn, geoplastiklər - yol boyunca torpaq kurqanları və bəndlərin yaradılması səsin yayılma xəttini fiziki olaraq kəsən passiv həllərdən biridir. Onlar akustik panellərlə birlikdə daha effektiv ola bilər. Binaların memarlıq həlləri də səsin azalmasına kömək edən amildir. Magistrala baxan binalarda səsuducu fasad materiallarından, düzgün layihələndirilmiş balkon və örtüklərdən, akustik xüsusiyyətləri yaxşılaşdırılmış pəncərələrdən istifadə etməklə səsin yaşayış məkanlarına daxil olması azaldıla bilər. Səs-küyün azaldılmasının ən sadə və effektiv yollarından biri isə sürətin idarə edilməsidir. Sürət artdıqca təkər–yol səsi də artır. Yaşayış və məktəb ərazilərində sürət həddinin azaldılması, ağırtonnajlı nəqliyyatın yaşayış küçələrinə girişinin məhdudlaşdırılması və yük axınlarının düzgün idarə edilməsi mühüm nəticə verə bilər. Fəvvarələr, su elementləri və digər təbii səslər isə nəqliyyat səs-küyünü aradan qaldırmır, lakin onun insan tərəfindən qəbul edilən narahatlığını müəyyən qədər örtə, effektini azalda bilir. Əsas prinsip isə budur: səs-küyə qarşı yalnız bir həllə fokuslanmaq əvəzinə, sürətin idarə edilməsi + səssiz yol örtüyü + akustik baryerlər + torpaq relyefi + yaşıllıq + binaların akustik müdafiəsi birlikdə tətbiq edilməlidir. Bəzi ərazilərdə 3 metrlik səs baryeri tikmək əvəzinə, səs-küyü yarandığı yerdə - yol örtüyündə azaltmaq daha innovativ yanaşma ola bilər. Azərbaycan şəhərlərində də yeni yol layihələri hazırlanarkən səs-küyün yalnız sonradan aradan qaldırılması deyil, layihələndirmə mərhələsindən etibarən idarə olunması nəzərə alınmalıdır.