“Əsrin Müqaviləsi” Ulu Öndər Heydər Əliyevin ən mühüm strateji qələbələrindən biri idi”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, bu müqavilə Azərbaycanın həm o zamankı, həm də ondan sonrakı bütün uğurlarının kökündə dayanıb:
“Ümummilli liderin çox böyük diplomatik bacarığı və zəhməti sayəsində “Əsrin Müqaviləsi” imzalandı. Dünyanın 8 dövlətinin 12 şirkəti bu müqavilədə iştirak etdi.
Əslində o zamanki reallıqlar kontekstində belə bir müqavilənin imzalanması qeyri-real görünürdü. Bunun da səbəbi o idi ki, Azərbaycan özünün ən mürəkkəb dövrünü yaşayırdı.
Ölkədə dövlət çevrilişlərinə cəhdlər, ərazimizin bir hissəsinin işğal altında olması, hakimiyyət uğrunda mübarizə, Rusiyanın və İranın bu məsələdə tutduğu mövqe neft anlaşmasını imkansız edirdi.
Xüsusən, Rusiya və İran Xəzərin hüquqi statusu müəyyən edilmədən "Əsrin Müqaviləsi"nin reallaşmasını istəmirdilər. Belə şəraitdə iri neft şirkətlərinin investisiya yatırması qeyri-real görünürdü.
Çünki Azərbaycanın gələcəyi sual altında idi. Lakin bütün maneələrə baxmayaraq, “Əsrin Müqaviləsi” imzalandı. Nəhəng neft şirkətlərinin rəhbərləri sadəcə bir faktı əsas götürdülər. O da Azərbaycana Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərlik etməsi idi. Bu, əsas həlledici amil oldu”.
Parlament üzvü bildirib ki, “Əsrin Müqaviləsi”nin imzalanması ilə Azərbaycan tarixində yeni bir inkişaf mərhələsi açıldı:
“Ölkəmizin bundan sonrakı iqtisadi inkişafının əsası qoyuldu. 1996-cı ildə Azərbaycan iqtisadiyyatının bərpası prosesi başladı. Şahdəniz yatağı ilə bağlı müqavilə imzalandı. Bununla da Azərbaycanın gələcəkdə qaz ixrac edən dövlət kimi tanınmasının əsası qoyuldu. Ölkə iqtisadiyyatına xarici investorların marağı daha da artdı, yeni iş yerləri yaradıldı.
Neftimizin dünya bazarını çıxışı təmin edildi. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da gücləndi, ölkəmizə etibarlı tərəfdaş gözü ilə baxmağa başladılar. Cənab Prezident İlham Əliyev də Azərbaycanın enerji siyasətini məhz "Əsrin Müqaviləsi" istiqamətində davam etdirir. Ötən müddət ərzində 35 yeni neft kontraktı imzalanıb və Azərbaycanın iqtisadi imkanları çox genişlənib. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir”.
E.Nəsirovun sözlərinə görə, “Əsrin Müqailəsi” olmasaydı, Avropanın meqalayihəsi hesab olunan Cənub Qaz Dəhlizi də reallaşmazdı:
“Azərbaycan qazının TANAP və TAP layihələri ilə dünya bazarına çıxarılması istiqamətində həlledici addımlar atılmaqdadır. Gələn ildən Azərbaycan ildə 16 milyard kub metr qazı dünya bazarına çıxardacaq. Bütün bunlar birbaşa Ulu Öndərin müəyyən etdiyi neft strategiyasının nəticəsidir. Təəssüf ki, uğurlarımıza sevinənlər qədər inkişafımızdan narahat olan qüvvələr də var.
Erməni lobbisi, islamaforb qüvvələr və onların dəstəklədiyi məlum dairələr heç bir vəchlə Azərbaycandakı inkişafı, sabitliyi və tərəqqini həzm edə bilmirlər. Ölkəmizə qarşı müxtəlif qarayaxma kampaniyaları keçirirlər.
Lakin bunların nəticəsi olmur və olmayacaq. Çünki ümummilli lider dövləti möhkəm təməllər üzərində inşa edib. O cümlədən Prezident İlham Əliyev də uğurlu siyasət həyata keçirir. Buna görə də Azərbaycanda güclü xalq-hakimiyyət birliyi və səfərbər olunmuş bir cəmiyyət formalaşıb”.