“Əsrin Müqaviləsi” iqtisadiyyat və tariximiz üçün önəmli bir səhifədir” 


“Əsrin Müqaviləsi” Azərbaycanın iqtisadiyyatının və bütövlükdə tariximizin çox mühüm bir mərhələsidir. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. 

Deputat bildirib ki, 1991-ci il 18 oktyabr müstəqillik tariximiz və 1993-cü ilin 15 iyunu xalqımız üçün necə mühüm günlər idisə, məhz 20 sentyabr 1994-cü il tarixi də Azərbaycan iqtisadiyyatı üçün o dərəcədə əhəmiyyətlidir: 

“Məhz həmin tarixdən başlayaraq, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, yönü, mənbəyi və potensialının reallaşdırılması üçün mühüm bir səhifə açıldı. 



Baxmayaraq ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etmişdi, amma müstəqilliyimizi qorumaq üçün yetərli gücə sahib deyildik. 1991-1994-cü illərin iqtisadiyyatına nəzər salsaq, kifayət qədər acınacaqlı vəziyyətin olduğunu görərik. Həmin illərdə Azərbaycanda ümumi daxili məhsul hər il orta hesabla 17 faiz azalırdı. 1992-ci ildə dövriyyəyə buraxılan Azərbaycan manatı bir il ərzində 245 dəfə ucuzlaşmışdı. Əhalinin gəlirləri hər il 3 dəfə azalır, qiymətlər isə artırdı. Neft istehsalı hədsiz aşağı düşmüşdü. Yəni kifayət qədər acınacaqlı vəziyyət yaranmışdı”. 

Millət vəkili bəyan edib ki, Azərbaycan iqtisadiyyatının hansı mənbələr hesabına inkişaf etdirilməsi istiqamətində çox ciddi problemlər yaranmışdı: 

“Ölkədə müharibə gedirdi və Xəzərin hüquqi statusu müəyyən olunmamışdı. Məhz belə mürəkkəb bir dövrdə dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana cəlb olunması və Xəzərlə bağlı müqavilənin bağlanması kifayət qədər mühüm bir hadisə idi.

Əlbəttə, bunu həyata keçirmək üçün düha tələb olunurdu. Azərbaycan xalqının xoşbəxtliyindən belə bir dahimiz – Heydər Əliyev var idi. Birbaşa ümummilli liderin şəxsi zəmanəti ilə Əsrin Müqaviləsini imzalamaq mümkün oldu.

O vaxt Azərbaycanda başqa zəmanət yox idi. Əsrin Müqaviləsinin imzalanması Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasına da mühüm töhfə verdi. Yəni müqavilə iqtisadi inkişafla yanaşı, dövlətçiliyin və müstəqilliyin möhkəmlənməsində də əhəmiyyətli rol oynadı. O baxımdan “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycan üçün olduqca önəmli bir səhifədir”.