Millət vəkili: “Bugünkü inkişafın təməlində "Əsrin müqaviləsi" dayanır”

“Əsrin müqaviləsi” Azərbaycana güclü inkişaf etmiş iqtisadiyyat bəxş etdi”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, “Əsrin Müqaviləsi” imzalanandan sonra Azərbaycan xalqının sosial rifah halını yaxşılaşdıran bir çox layihələr icra olunub: 

“Bu müqavilə Azərbaycana Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft ixrac kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Asiyanı Avropa ilə birləşdirən Bakı-Axalkalaki-Qars dəmir yolu xətti,Yeni Bakı Ələt dəniz limanı verdi. Eyni zamanda regionların sosial iqtisadi inkişafının, Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafını özündə əks etdirən çoxsaylı dövlət proqramların, çoxsaylı infrastruktur layihələrinin reallaşmasına imkan yaratdı.

“Əsrin Müqaviləsi”nin nəticəsi olaraq ölkə iqtisadiyyatının bütün sahələri inkişaf etdi. İqtisadiyyatda diversifikasiya baş verdi, qeyri neft sektoru, aqrar sektor inkişaf etdi. Həm ölkə daxilində, həm də xarici ölkələrdə gələcəyə hesablanmış investisiyalar qoyuldu, qızıl valyuta ehtiyatlarımız artdı. Əgər “Əsrin Müqaviləsi” olmasaydı, bugünki, iqtisadiyyat da olmazdı. Həmçinin, çoxsaylı transmilli layihələr, infrastruktur layihələri, sosial siyasət həyata keçirilə bilməzdi, güclü ordu yaranmazdı. Azərbaycan kredit alan ölkədən, kredit verən ölkəyə çevrilməzdi”.

Parlament üzvü bildirib ki, bugünkü inkişafın təməlində "Əsrin müqaviləsi" durur və xalqımız onun memarı Ulu öndər Heydər Əliyevi daim minnətdarlıqla xatırlayır: 

“Əgər həmin dövrdə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olmasaydı, neft kontraktlarının imzalanması bu şərtlərlə mümkün olmayacaqdı. İlk növbədə müqavilələrin imzalanması üçün hüquqi baryerlər mövcud idi. Qərb şirkətləri Xəzərin statusu müəyyənləşmədən böyük miqdarda sərmayə yatırmaq istəmirdilər. Regionda maraqları olan ölkələr isə o şirkətlərin Azərbaycanda fəaliyyət göstərmələrinin qarşısının alınması istiqamətində real addımlar atırdılar.

Hətta 1994-cü ilin avqust ayında respublikamızın Qərb bölgəsində yenidən müharibə başlanması təhlükəsi yaranmışdı. Hökumətin özündə belə hərbi müxalifət fəaliyyət göstərirdi və onlar hər cür təxribatlarla müqavilənin imzalanmasını əngəlləməyə çalışırdılar. Ancaq Ulu Öndərin qətiyyəti, prinsipiallığı, şəxsi nüfuzu sayəsində mövcud maneələr aradan qaldırıldı, müqavilələr imzalandı”.