2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradıldı. Layihənin yaradılmasında məqsəd dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirməkdir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrasturukturunun yenilənməsi təmin edilib.
"Şimal-Cənub" layihəsinin reallaşmasında Azərbaycanın rolu və ölkəmizin bu layihədə iştirakı zamanı qazanacağı dvidendlər barədə Sherg.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, sözügedən layihə Azərbaycan üçün olduqca vacib layihələrdən biridi.
Ekspert qeyd edib ki, ölkəmiz bu layihənin reallaşmasında aktiv iştirak edən dövlətlərdəndir:
“Nəzərə alsaq ki, söhbət Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizindən gedir. Azərbaycan investisiya hesabına İranda dəmir yolu xəttinin qurulması və "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində addımlar atıb. Ölkəmiz həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft sektorunun dövlət büdcəsinə daxil olma üzrə çoxalmasına imkan verəcək. Beləliklə ölkəmiz daha çox gəlir əldə etmə imkanı qazanacaq. Eyni zamanda layihə Azərbaycanın coğrafi mövqeyinin güclənməsi baxımından əhəmiyyətlidir. Layihənin reallaşması ölkəmiz üçün iqtisadi əhəmiyyət daşıyır. Azərbaycan öz siyasəti ilə "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşmasına töhfə verən ölkədir”.