“Bu gün bir neçə məsələyə toxunmaq istəyirəm. Təəssüüf ki, bir neçə il keçməsinə baxmayaraq “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsi qəbul edilməyib. Rəqabət Məcəlləsi aktual məsələlərdən biridir. Bunun qəbul edilməsi həddindən artıq vacibdir. Azərbaycanın daxili bazarında monopoliya, inhisar yoxdur deyə bilmərik. Cənab prezidentin imzaladığı Strateji Yol Xəritəsində faktiki olaraq 2019-cu ildə Rəqabət Məcəlləsinin qəbul edilməsi göstərilir. Ancaq 2019-cu il başa çatır və biz “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsini qəbul etməmişik. Çox xahiş edirəm, bu məsələ gündəliyə salınsın”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
Deputat digər məsələyə də toxunaraq, onun da vacibliyini qeyd edib:
“İkinci vacib məsələ təhsil kreditləri ilə bağlıdır. Eşitmişəm ki, Təhsil komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Hesab edirəm ki, bu qanun layihəsi üzərində işləmək olar. Təhsil kreditləri çox vacib hadisədir. Müraciətlər həddindən artıq çoxdur. Faktiki olaraq bəzi tələbələr təhsillərini davam etdirə bilmirlər və təhsillərini yarımçıq qoyurlar”.