İslahatların nəticəsi: Azərbaycan ildən-ilə dünya reytinqində irəli gedir

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının VII Ziirvə Görüşündə çıxışı zamanı dövlət başçısı İlham Əliyev bildirib ki, Azərbaycan dünyada 20 islahatçı ölkə arasına daxil olub. 

Ölkə başçısı qeyd edib ki, Azərbaycanda iqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur: "Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb".



Deputat: "Bütün kateqoriyalardan olan insanların  sosial rifahı yüksəldi"


Azərbaycanın islahatçı 20 ölkə sırasında olmasını Sherg.az-a danışan millət vəkili Musa Quliyev bildirib ki, bu, heç də təsadüfi nəticə deyil:

“Azərbaycan ildən-ilə dünya reytinqində irəli gedir. Bu, ölkəmizdə ardıcıl olaraq keçirilən iqtisadi, sosial, siyasi, hüquqi islahatlarla bağlıdır. Məsələn təkcə bu il Azərbaycanda sosial sahədə Prezident tərəfindən 30-dan artıq fərman və sərəncam qəbul olundu. Bununla da bütün kateqoriyalardan olan insanların  sosial rifahı yüksəldi. Bu il əməkhaqları, təqaüdlər, sosial müavinətlər də artırıldı. Ölkədə iqtisadiyyatın diversifikasiyası öz müsbət təsirini göstərir. Bundan başqa, Azərbaycanın geosiyasi mövqeyi də əlverişlidir. Belə ki, həm Şərq-Qərb İpək Yolunun, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycandan keçməsi dünyada bizə olan marağı daha da artırır. Düşünürəm ki, cənab Prezidentin səsləndirdiyi fikirlər dünyanın qəbul etdiyi həqiqətlərdir”.

Kənan Novruzov