“Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunması son dərəcə böyük nailiyyətdir”.
Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.
Ekspert qeyd edib ki, 2018-ci ilin hesabatında Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib:
“Bu təsadüfi deyil, konkret olaraq ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və azad biznesə dövlət dəstəyinin nəticəsidir. Sonuncu dünya iqtisadi böhranından sonra Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Xüsusilə bu ilin başlanğıcından etibarən Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər və tətbiq olunan yeni vergi sistemi sahibkarlığın inkişafını təmin etmək üçün ən təqdirəlayiq addımlardandır. Belə ki, sadələşdirilmiş vergi üzrə Bakı zonasında vergi öhdəliyinin 4 faizdən 2 faziə endirilməsi, gəlir vergisi üzrə 75 faiz güzəştin tətbiqi və sair çoxsaylı müsbət dəyişikliklər kiçik vəorta sahibkarlığın inkişafına dövlətin göstərdiyi ən böyük dəstəkdir. Bundan başqa, elektron hökumətə keçid, xidmət və müraciətlərin elektronlaşdırılması və asanlaşdırılması da prosesə böyük təkan verib. Həm vaxt itkisinin qarşısı alınıb, həm xərclər azalıb, həm də bürokratik maneələr aradan qalxıb. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin və aparılan islahatların ölkəmizin sosial-iqtisadi inkişafının artmasına səbəb olub. Dövlət başçısı islahatların davam edəcəyini bildirir. Demək əsas uğurlar hələ qarşıdadır”.
İqtisadçı: "İslahatlar bu templə davam edəcəyi təqdirdə ölkəmizdə kiçik və orta sahibkarlıq daha sürətlə inkişaf edəcək"
İqtisadçı bildirib ki, islahatlar bu templə davam edəcəyi təqdirdə ölkəmizdə kiçik və orta sahibkarlıq daha sürətlə inkişaf edəcək, bunun nəticəsi olaraq ümumi daxili məhsul artacaq, işsizlik səviyyəsi azalacaq, idxaldan asılılıq aşağı düşəcək, ixrac imkanlarımız xeyli artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq:
“Son nəticədə əhalinin rifah səviyyəsi xeyli yaxşılaşacaq, sosial müdafiənin daha da yüksəldilməsi üçün dövlətin imkanları xeyli artacaq. Bu islahatların nəticəsi özünü təkcə sosial, iqtisadi sahələrdə yox, həm də elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində də göstərəcək. Tezliklə ölkəmizin sosial, iqtisadi, mədəni mənzərəsi tamam dəyişəcək”.