Aydın Hüseynov: “İndiki halda Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil”
"Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir”.
Bunu yanvarın 13-də Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində deyib. Ölkə başçısı bildirib ki, təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur:
“Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov da “Sherg.az”a açıqlamasında qeyd edib ki, ölkəmiz özünün uğurlu inkişafını əsasən daxili imkanlar hesabına təmin edir. Onun sözlərinə görə, bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amildir:
“Son 16 ildə Azərbaycanın dövlət siyasətində iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi təmin edilib. Bunun da nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. İndiki halda Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə artıq Azərbaycanın özü donor ölkəyə çevrilib.
Son 16 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə Ümum Daxili Məhsul istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Azərbaycan özünün iqtisadi inkişafını 2019-cu ildə yüksək səviyyədə davam etdirib.
Bu il də davam etdirəcək. Dövlət başçısının da vurğuladığı kimi, bir neçə il bundan əvvəl dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü dövrdə respublikamızda iqtisadi sahədə çox ciddi addımlar atıldı və beləliklə də, ölkədə milli iqtisadiyyatda tarazlığa nail olundu. Məlumdur ki, respublikamız yeni şəraitdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunmasını hədəfləyib. Respublikamızda qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılması güclü şəkildə təşviq olunur.
Məhz getdikcə artan siyasi və maddi dəstək tədbirlərinin məntiqi nəticəsidir ki, ötən il iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sektorunda qeydə alınıb.
Belə ki, 2019-cu ildə qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. O cümlədən kənd təsərrüfatında 7 faizdən çox artıma nail olunub. Qeyri-neft sənayesinin dinamik inkişafı xüsusilə sevindiricidir. İlin əvvəlindən bəri bu sahədə təxminən 14 faiz artıma nail olunub ki, bu da dünya rekordu sayıla bilər”.