İqtisadçı: “Prezidentin Davos Formunda iştirakı ölkəmiz üçün əhəmiyyətlidir”

“Prezident İlham Əliyev hər il İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun toplantısında iştirak edir. Bu, olduqca əhəmiyyətli hadisədir və Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün vacibdir”.

Bu fikirləri Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, ölkəmizin regionda mövqeyi, iqtisadi potensialı və coğrafi vəziyyətindən irəli gələn imkanları dünyanın aparıcı ölkələrinin diqqət mərkəzindədir:

“Odur ki, bütün bunların bir daha təqdim edilməsi və müzakirəyə çıxarılması investisiyaların cəlbi baxımından çox zəruridir. Azərbaycanda son vaxtlar çox böyük nəqliyyat və tranzit infrastrukturu yaradılıb. Bunlardan istifadə təkcə ölkəmiz üçün deyil, bütün Avrasiya regionu ölkələrinə böyük səmərə və gəlir gətirməyi vəd etməkdədir”.

Qeyd edək ki, Prezident İlham Əliyev sabah İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun “Strateji Proqnoz: Avrasiya” sessiyasında iştirak edəcək. Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə edəcəklər. Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib.