"Davos kimi forumlarda ən yüksək səviyyədə iştirakımız və beynəlxalq iqtisadi məkana inteqrasiyamız ölkəmizdə iqtisadi reformların keçirilməsi və iqtisadiyyatın daha da inkişafı üçün zəmin yaradır"
Dünyanın gözü yenə İsveçrənin kiçik bir kəndinə yönəlib. Bu kənddə dünyada Davos Forumu kimi tanınan beynəlxalq əhəmiyyətli tədbir keçirilir. Azərbaycanın dövlət başçısı də hər il olduğu kimi, forumun işinə qatılmaq üçün İsveçrəyə səfər edib, orada çoxsaylı görüşlər keçirir.
Xatırladaq ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı, enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.
Qeyd edək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir müzakirə qrupundan hazırda minlərlə iştirakçının qatıldığı dünya səviyyəli tədbirə çevrilib. Tədbirin iştirakçıları arasında yüzlərlə böyük şirkət rəhbərləri, onlarla dövlət başçısı, beynəlxalq QHT, media nümayəndələri var.
Forumun Azərbaycan üçün əhəmiyyətini yüksək dəyərləndirən "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Sherg.az”a bildirib ki, Davos kimi forumlarda ən yüksək səviyyədə iştirakımız və beynəlxalq iqtisadi məkana inteqrasiyamız ölkəmizdə iqtisadi reformların keçirilməsi və iqtisadiyyatın daha da inkişafı üçün zəmin yaradır:
“Davos İqtisadi Forumu ölkəmizə xarici investorların marağını artırır. Son illərdə davamlı iqtisadi islahatlar həyata keçirilir, biznesin inkişafı üçün maneələr aradan qaldırılır, sahibkarlığa dövlət dəstəyi artırılır. Bütün bunlar respublikamızın iqtisadi və sosial inkişafını sürətləndirir. Cənab Prezidentin Forum çərçivəsində keçirdiyi görüşlərdə verdiyi mesajlar çox əhəmiyyətlidir. Dövlət başçısı hər dəfə Forumda dünyanın böyük şirkətlərinin rəhbərləri ilə görüşür və bu görüşlərin nəticəsi olaraq onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması üçün imkanlar açır. Bunun nəticəsi özünü daha qabarıq büruzə verir. Məqsəd ölkəmizdə çoxsaylı sənaye müəssisələri yaratmaq, Ümümi Daxili Məhsulu artırmaq, ixracı genişləndirmək və idxaldan asılılığı azalmaqdır”.
Ekspertin sözlərinə görə, neft sektorundan asıllığı tamamilə ləğv etmək kursu əsas götürülüb:"
Nəticədə həm dövlət büdcəsinin gəlirləri artacaq, həm məşğulluq problemi həllini tapacaq, həm də əhalinin sosial vəziyyəti yaxşılaşacaq. Bütün bunlar ölkəmizin iqtisadi azadlığını və həyata keçirilən islahatların nəticəsini göstərir”.