Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır – TƏHLİL

“Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur”. 

Bu sözləri Serq.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

İqtisadçı qeyd edib ki, Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir: 

“Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Son forumda Azərbaycan Prezidentinin iştirakı Azərbaycanda həyata keçirilən islahatların təqdimatı, daha geniş auditoriyanın məlumatlandırılması baxımından çox faydalı oldu. Gördük ki, Prezident həm çıxışlarında, həm də iştirak etdiyi görüşlərdə ölkə iqtisadiyyatının potensialı, ölkədə aparılan islahatlarla bağlı geniş məlumat verdi”.

Ekspertin sözlərinə görə, Davos İqtisadi Forumu Azərbaycan üçün xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir:



Vüqar Bayramov: “Azərbaycanda aparılan iqtisadi siyasətin prioritetləri də ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafına daha çox xarici sərmayələri cəlb edə bilək”


“Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşdü və onları işbirliyi üçün Azərbaycana dəvət etdi. Həmin şirkətlərin ölkə rəhbəri tərəfindən Azərbaycana dəvət edilməsi həm xarici investisiyanın cəlb edilməsi baxımından yeni bir imkandır, həm də həmin şirkətlər üçün Azərbaycanda öz layihələrini reallaşdırmaq və yeni investisiya qoyuluşları baxımından yaxşı bir şans kimi qiymətləndirilə bilər. Xüsusən nəzərə alsaq ki, qeyri-neft sektorunun inkişafı baxımından xarici sərmayələrin rolu vacibdir. Azərbaycanda aparılan iqtisadi siyasətin prioritetləri də ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafına daha çox xarici sərmayələri cəlb edə bilək. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər.

Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərdi ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi qeyd olunmalıdır ki, Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha sübut edir”.