Yanvarın 29-da Ukrayna Prezident Aparatının rəhbəri Andrey Boqdan, Ukrayna Dövlət Əmlak Fondu sədrinin müavini Sergey İqnatovski və SOCAR şirkətinin nümayəndə heyəti Odessa Liman Zavodunu ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə zavod direktorunun birinci müavini Nikolay Şurikov “Facebook” hesabında paylaşım edib.
SOCAR nümayəndə heyətinə şirkətin prezidenti Rövnəq Abdullayev rəhbərlik edib.
Direktor müavinin sözlərinə görə, görüş Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəyə sərmayə cəlb etmək barədə verdiyi tapşırıqların icrası çərçivəsində keçirilib.
“Qonaqlar zavodu ziyarət etdilər və OLZ rəhbərliyi ilə rəsmi görüş keçirdilər. Tərəflər, həmçinin, Azərbaycan şirkətinin Odessa Liman Zavodunun gələcək özəlləşdirilməsində iştirakını müzakirə etdilər”, - Şurikov bildirib.
Qeyd edək ki, “Odessa Liman Zavodu” ASC Ukraynanın kimya sənayesində fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. Zavod ammonyak, karbamid, maye azot, karbon dioksidi, maye oksigen, natrium sulfat istehsalında ixtisaslaşıb.