Turistlərin çoxalmasına şərait yaradılacaq

“Sağlamlıq pasportu”nun tələb edilməməsi çox güman ki, bununla bağlıdır

Ukraynaya gedən turistlərdən “sağlamlıq pasportu” tələb olunmayacaq. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleb Ukraynada sağlamlıq pasportunun müzakirə edilmədiyini deyib:
“Beynəlxalq səviyyədə bu cür fikirlər var, amma onlar bu günə qədər reallaşdırılmayıb. İndiyə kimi praktik həllərdən biri kimi insanın müəyyən gün ərzində verdiyi neqativ testin nəticəsini göstərməli olduğunun zəruriliyinə meyl olunur. Evə qayıtdıqdan sonra həmin şəxs özünü təcrid etməli və növbəti testdən keçməlidir. Bütün bunlar bürokratiyaya gətirib çıxarır”.
Məlumdur ki, hazırda bəzi dövlətlər insanların COVID-19-a yoluxmadıqlarını sübut edən “sağlamlıq pasportu” tələbini müzakirə edir. Ukraynanın bu pasportu tələb etməməsi yəqin turizmin inkişafına da şərait yaradar. Nəzərə alsaq ki, mayın 31-dən sonra karantin qaydalarında yumuşaldılmalar olacaq. Maraqlıdır, bütün bunlar turist axınına necə təsir göstərə bilər?



İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, “sağlamlıq pasportu”nun tələb edilməməsi çox güman ki, turistlərin çoxalmasına şərait yaradacaq:

“Fikrimcə, insanların COVID-19-a yoluxmadıqlarını sübut edən “sağlamlıq pasportu” tələbinin müzakirəsi hələ ilkin fikirlərdir. Ümumiyyətlə, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının hansısa qərarı olacaq və həmin qərar əsasında müəyyən arayış, ya da təsdiqedici sənəd ola bilər. Yoxlamalar olsa, sənəd tələb edilsə, hansı ölkələr bunu tətbiq edəcək, hansılar yox, bunlar maraqlıdır. Turist axınının çox olub-olmaması isə əsasən vətəndaşların şəxsi yanaşmasından irəli gələcək. Yəni, hansısa ölkə sağlamlıq pasportu tələb etməsə və turist həmin ölkəyə gedəcəksə kağızın alınması onun məsuliyyətindən asılıdır. Dünyada kifayət qədər müxtəlif düşüncəli insanlar var. Şübhəsiz ki, insanlar sənəd tələb olunmayan ölkələrə daha çox üstünlük verəcəklər”.