Tələbələr qayıdır: Bakıda kirayə mənzillərin qiyməti bahalaşır 

Fevralın 15-dən etibarən ali təhsil müəssisələrində tədris qismən bərpa olunur. Belə ki, rayonlarda yaşayan tələbələr şəhərə üz tutduqları zaman kirayə mənzillə bağlı problemlə qarşılaşacaqlar. Normal şəraitdə tələbələr yeni tədris ili başlamazdan əvvəl avqust ayında kirayə mənzil tuturdu. Lakin pandemiyanın yaratdığı duruma görə tələbələr 2020-ci ilin mart ayından başlayaraq tədricən öz evlərinə qayıtmağa başladılar. 
Tədrisin qismən bərpa olunması ilə kirayə mənzilə ehtiyac artır. Sanki sahibkarlar tələbələrə "Gəl, ay müştəri" deyir. Lakin qiymətlər tələbələrin cibinə uyğun deyil.



Vəziyyəti dəyərləndirən daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov "Sherg.az"a bildirib ki, kirayə mənzil bazarında yanvar ayının nəticələrinə görə cüzi də olsa, artım var. Lakin bu artım tələbələrin qayıdışıyla əlaqəli deyil, struktur dəyişikliyi ilə bağlıdır:

"Son vaxtlar ucuz kirayə mənzillər bazara daxil olmur, qiyməti yüksək olanlar üstünlük təşkil edir. Ona görə də, bu sahədə 2.45 faiz artım müşahidə edilir.
Ötən illə müqayisədə pandemiyanın nəticəsində 14.41 faiz azalma var.

Ali təhsil müəssisələrinin qismən bərpası mənzil bazarında müəyyən təzyiq yarada bilər. Onların bazara qayıtması qiymətlərin dəyişməsinə təkan verəcək.

Lakin tələbələrin hansı aktivliklə və nə qədər müddətə qayıdacaqları bəlli deyil. Ehtimal etmək olar ki, tələbələrin kirayə mənzil bazarına üz tutması qiymət artımına təsir göstərəcək”.