Daşınmaz əmlak bazarında mövcud durum bir qədər mürəkkəbdir. Kirayə mənzillərdə qalan şəxslər ev almaq arzusundadır. Lakin gəlirləri az olan insanlar yeni ev ala bilmirlər. Səbəblərdən biri, bəlkə də, elə birincisi pandemiyadır. İş yerləri bağlandı, əhalinin gəlirləri azaldı. Və nəticədə bu vəziyyət bütün sahələrə öz mənfi təsirlərini göstərdi. Əlbəttə, bu hal mənzil bazarına da təsirsiz ötüşməyib.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov "Sherg.az"a bildirib ki, bazarda qiymətlərin azalması ehtimal edilmir. Çünki getdikcə bazarda təklifin həcmi azalır:
"Təklifin də azalması xoşagələn hadisə deyil, müəyyən qədər qiymətlərin artmasına gətirib çıxarır. Tələb və təklif arasında qiymət elastikliyi var. Yəqinki, artım olacaq. Bu gün yaşayışın özü – kommunal xərclər və s. bahalaşır.
İnsanlar da problemlərini həll etmək üçün mənzillərini satır. Əgər kommunal xərclər bahalaşırsa, paralel olaraq daşınmaz əmlakın qiymətində artım müşahidə edə bilərik".