Bədbin proqnoz:“Neftin qiyməti ucuzlaşacaq”

“2021-ci ilin ortalama neft qiymətinin təxminən 55 dollar olacağı proqnozlaşdırılır”

“Bu Azərbaycan üçün ciddi, konfortlu rəqəmdir" 

"Neftin qiymətindəki bahalaşma: “Bu, qısamüddətli dalğalanmadır”


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,55 ABŞ dolları və ya 0,86 faiz artaraq 64,78 dollar təşkil edib.Xatırladaq ki, ötən həftə ərzində (8-12 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub. Bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3 faiz çoxdur. Keçən həftə ərzində ən yüksək göstərici (I gün) – 62,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 61,11 dollar səviyyəsində olub.

Görəsən, neftin qiymətindəki artım stabil qalacaqmı?



Sualımızı cavablandıran iqtisadçı - ekspert Natiq Cəfərli “Sherg.az”a bunun qısamüddətli dalğalanma olduğunu bildirib:

"Neftin bahalaşmasına təsir göstərən əsas amil OPEK+ ( Neft İxrac Edən Ölkələr Təşkilatı) anlaşması ilə bağlıdır. Bu razılıq yanvar ayında yenidən təsdiqləndi və hasilatın artırılmasına dair qərarlar ertələndi. OPEK+ ölkələri yanvar ayında 2 milyon barel artıq neft hasil etməli idi, lakin hasilatı 500 min barelə endirdilər. Birdən-birə 2 milyon barel nefti bazara çıxartmaq istəmədilər, bu da qiymətlərə müsbət təsir etdi. Səudiyyə Ərəbistanı əlavə olaraq aprel ayına qədər 1 milyon barel neft hasilatını azaldacağı öhdəliyini götürdü. Obrazlı desək, əslində bu süni qiymət artımıdır".

Ekspert koronavirusa qarşı vaksinasiyanın bu sahəyə təsirindən də söz açıb:

"Peyvəndləmədən sonra dünyada iqtisadi canlanmanın olacağına dair gözləntilər var. Əlavə stimul olmalıdır ki, neft daha da bahalaşsın. Çünki qapanmalar davam edir, vaksinasiyanın da uzun zaman alacağı ehtimal edilir. Sentyabr-oktyabr aylarında dünya əhalisinin böyük hissəsinin vaksinləşməsi baş verə bilər. Lakin dünyada virusun başqa ştammları dolaşır. Ona görə də, pandemiyanın uzun müddət davam edəcəyi düşünülür".

N.Cəfərli sonda əlavə edib ki, ümumilikdə, neftin qiymətinə mənfi təsir göstərəcək amillər daha çoxdur:

"Səudiyyə Ərəbistan aprel ayı hasilatını könüllü götürdüyü öhdəlikdən imtina edəcəyi və yenidən bazara əlavə 1 milyon barel neft çıxaracağını söyləmək mümkündür. Həmçinin İranla danışıqlar gedir. İranın nüvə anlaşmasına, altığa qaytarılması məsələsi müzakirə edilir. Əgər İran dünya bazarına qayıtsa və əlavə neft çıxararsa bu, qiymətlərə mənfi təsir göstərəcək.

Hazırda neft qiymətləri bu günə maksimum həddə çatıb. Bundan sonra azalmaların olması gözlənilir. 2021-ci ilin ortalama neft qiymətinin təxminən 55 dollar olacağı proqnozlaşdırılır. Bu Azərbaycan üçün ciddi, konfortlu rəqəmdir".