"Dünyada gedən proseslərin Azərbaycana da təsiri göz önündədir"
Qlobal ərzaq qiymətləri indeksi 33 faiz artıb. Artımla bağlı fikirlərini “Şərq”lə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qlobal ərzaq qiymətləri indeksinin artımı təqribən keçən ilin əvvəllərindən başlayıb:
“Bunun Azərbaycana da təsirləri var. Ölkədə bahalaşmaya təsir edən səbəblərdən biri dünya bazarlarında indeksin yüksəlməsi və qiymətlərin artmasıdır. Qiymətlər artmaqla yanaşı logistika da bahalaşıb. Konteynerlərin icarə haqqı artıb, yükdaşımaların xərci çoxalıb. Bunun nəticəsində Azərbaycanda da son zamanlar artımın kəskin şəkil aldığının şahidi oluruq” .
Ekspert bildirib ki, demək olar ki, həftəlik olaraq qiymətlər artıb:
“Dünyada gedən proseslərin Azərbaycana da təsiri göz önündədir. Əgər dünyada həm logistika, həm də ərzaq qiymətləri ilə bağlı növbəti bahalaşma dalğaları olacaqsa, bunun da Azərbaycanda yeni təzahürləri müşahidə ediləcək. Çünki biz ərzaq məsələsində kifayət qədər kənardan, xaricdən asılı bir ölkəyik. Əsasən, buğda, süd məhsulları ilə bağlı xarici ölkələrdən asılılığımız var”.
İqtisadçı həmçinin əlavə edib ki, ölkəmizin xaricdən asılılığının iki göstəricisi var:
“Onlardan birincisi, hətta daxili bazarda Azərbaycan adı altında bazara çıxarılan markalar var ki, onların da xammalı xaricdən gətirilir. Digəri isə birbaşa xaricdən gətirilən məhsullardır.
Hər iki istiqamətdə də müşahidə olunan artım Azərbaycan bazarında növbəti inflyasiya dalğalarının yaranmasına səbəb olan əsas məsələlərdən birinə çevriləcək”.