“500 manatlıq inflyasiyaya ciddi təsir göstərə bilər”

“Fikrimcə, bunun əksinə olaraq Azərbaycanda daha yüksək pulların dövriyyəsi həm korrupsiya, həm də inflyasiya təzyiqinin artması məsələsində gələcəkdə anlaşılmazlıq yarada bilər” 


Ölkə başçısının rəhbərliyi ilə ötən ilin 27 sentyabrından başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfərinin ildönümü münasibətilə xatirə pul nişanları tədavülə buraxılıb. Bununla bağlı Mərkəzi Bankda (MB) təqdimat mərasimi keçirilib. Tədbirdə qeyd olunub ki, 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun üzərində əsas dizayn elementləri kimi Prezidentin “Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi,qədim memarlıq nümunəsi hesab edilən Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri,həmçinin “8 noyabr Zəfər Günü” sözləri,tarixi qələbəmizin simvolu kimi tanınan Xarıbülbül,şəhid və qazi qanının sübutu olan qırmızı lalələr,məğlubedilməz Azərbaycan əsgərləri və üçrəngli bayrağımızın təsvirləri əks olunub.

Yeni pulun tədavülü ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Zəfər gününə həsr edilmiş 500 manat nominallı əsginasın tədavülə buraxılmasının say etibarilə çox olmayacağı ehtimal olunur:

“Amma bu artıq onu deməyə əsas verir ki, 500-lük pullar gələcəkdə çoxsaylı şəkildə dövriyyəyə buraxılacaq. Bu da nəinki tək korrupsiya məsələsində, eyni zamanda inflyasiyaya da ciddi təsir göstərən amilə çevrilə bilər. Çünki dövriyyədəki pul kütləsinin həcmi artdıqca inflyasiya basqıları da yüksəlir. Əgər daha çox həcmdə 500 manatlıq əsginaslar tədavülə buraxılarsa, bu da öz növbəsində müəyyən problemlər yarada bilər. Dünya tam əks istiqamətdə gedir. Məsələn, Avropa Birliyi 500-lük avroların artıq dövriyyədən çıxarılması ilə bağlı qərar verib. Yəni nağdsız ödənişlərin daha çox artması, onlara keçidin daha da sürətlənməsi fonunda yüksək nominallı əsginaslardan imtina edilməsinə start verilib. Fikrimcə, bunun əksinə olaraq Azərbaycanda daha yüksək pulların dövriyyəsi həm korrupsiya, həm də inflyasiya təzyiqinin artması məsələsində gələcəkdə anlaşılmazlıq yarada bilər”.