Türk lirəsi ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləyir.
“Sherg.az” xəbər verir ki, bu gün lirənin məzənnəsi Bakı vaxtı ilə 10:45 radələrində 9,93 səviyyəsində ticarət olunub. Ötən gün ABŞ-da oktyabr üzrə inflasiya məlumatlarının açıqlanması qeyd olunub. İllik inflasiya gözlənilən 5,8 faiz qarşısında 6,2 faizə kimi sürətlənib. Bu, 1990-cu ildən bu günə ən yüksək göstəricidir. Sentyabrda istehlak qiymətlərinin artımı 5,4 faiz olub. Bunun fonunda ABŞ dolları yen, avro, funt sterlinq qarşısında kifayət qədər möhkəmlənib.
Xatırladaq ki, lirənin kəskin ucuzlaşması prosesi oktyabrın ortalarında Mərkəzi Bankın üç vəzifəli şəxsinin, o cümlədən iki müavinin işdən çıxarılması fonunda başlayıb. Oktyabrın sonunda Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 18 faizdən 16 faizə endirib. Bundan sonra lirənin ucuzlaşma prosesi sürətlənib.
Mövzu ilə bağlı fikirlərini “Sherg.az”a dəyərləndirən iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində Türkiyədə lirənin dəyərdən düşməsinin səbəbi təkcə ABŞ-dakı proseslərlə bağlı deyil:
“Buna başqa proseslər də təsir göstərir. Onlardan ən əsası Türkiyədə yenidən faiz endiriminə keçməsi ehtimalıdır. Yaxın günlərdə Türkiyə Mərkəzi Bankında faiz endiriminə keçməsi ilə bağlı toplantı olacaq. Türkiyənin özəl sektorunun xarici borcunun ödəmə vaxtıdır. Dekabr ayında xarici borcların bir qismi təqribən 100 milyard dollara yaxın bir vəsait ödənməlidir. Özəl sektorların milli borcu isə 400 milyarda yaxındır. Yanvar ayına qədər ya bu borcların bir qismi ertələnməli, ya da qaytarılmalıdır. Bu da öz növbəsində dollara olan tələbatı artırır. Tələbatın artması və faiz endiriminə keçməsi ehtimalı türk lirəsinin tarixi minimumlarını yeniləməsinə gətirib çıxarır. Ola bilər ki, bu proses bir müddət, yeni ilə qədər davam etsin".
İqtisadçı həmçinin əlavə edib ki, Türkiyə Mərkəzi Bankı faiz endirimlərini ard-arda edəcəksə, hətta yaxın zamanlarda psixoloji hədd olan 1 dollar 10 lirə həddini də keçə bilər:
“Bundan sonrakı gediş MB-ın atacağı addımlardan və turizm mövsümünün tam açılmasından asılı olacaq. Çünki pandemiya ən böyük zərbələrindən birini turizm sektoruna vurdu. Türkiyənin valyuta ehtiyatlarının artırılmasında turizm sektorunun önəmli rolu var. Məsələn, pandemiyadan öncə, 2019-cu ildə turizm ölkəyə təqribən 40 milyard dollar vəsait gətirmişdi. Bu vəsait demək olar ki, 2020-ci ildə təxminən 10 dəfəyə yaxın azalıb. Bu il bir az artım var, amma yenə də əvvəlki qaydada deyil. Bütün bunların nəticəsində türk lirəsinə basqılar artır.
Məncə, yaxın gələcəkdə ilin sonuna qədər 10 lirə 1 dollar həddini keçəcək”.