Bahalaşmaya səbəb inhisarçılıqdır
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda gələn ilin büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunub. Diskussiya zamanı millət vəkili Vahid Əhmədov vurğulayıb ki, “Dövlət rüsumu haqqında” qanunda çox ciddi dəyişikliklər edilməlidir.
Onun sözlərinə görə, rüsumların çoxu ərzaq məhsulları ilə bağlıdır. Bu da ümumi bazarda qiymət artımına təsir edir.
Vahid Əhmədov gündəlik tələbat mallarına 18 faiz ƏDV tətbiq edilməsinin əleyhinə olduğunu söyləyib. Millət vəkili vurğulayıb ki, əhalini ən çox narahat edən məsələ qiymət artımıdır. Biz maaşları, pensiyaları nə qədər artırsaq da, qiymət artımını qarşılaya bilməyəcəyik. Qiymət siyasətində müəyyən məsələləri həll etməliyik. Digər tərəfdən, bütün məhsullara 18 faiz ƏDV qoyuruq.
Gündəlik tələbat mallarına niyə 18 faiz ƏDV tətbiq etməliyik? Beynəlxalq təcrübə var. Bu məsələni bir neçə dəfə qaldırmışıq. Xahiş edirəm bu məsələyə diqqət yetirəsiniz”.
Maliyyə naziri Samir Şərifov da çıxışı zamanı ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılması mövzusuna münasibət bildirib.
Onun sözlərinə görə, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur:
“Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır".
Rüsumların artırılması ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu gün Azərbaycanda rüsumların artmasını şərtləndirən müxtəlif faktorlar var:
“Bunlardan biri gündəlik tələbat məhsullarının idxaldan asılılıq səviyyəsinin yüksək olmasıdır. Biz nəticədə qlobal bazarlarda baş verən qiymət təzyiqlərini, inflyasiyanı ölkəyə idxal etmiş oluruq. İkinci bir məsələ, daxili bazarda istehsal olunan məhsulların maya dəyərinin xammal baxımından idxaldan asılı olmasıdır. Xüsusilə də pandemiya və onun yaratdığı mühitdə transfer xərcləri ciddi şəkildə artırılıb. Dolayısı ilə ölkədə istehsal olunan məhsulların maya dəyəri yüksəlib. Bu, istehsal qiymətləri indeksində də özünü göstərir. Nəticədə sahibkarlar bu xərcləri mərhələli şəkildə olsa da, son istehlakçı qiymətləri üzərində əks etdirmək məcburiyyəti ilə üz-üzə qalırlar”.
İqtisadçı həmçinin əlavə edib ki, artımı şərtləndirən məsələlərdən biri də ölkənin daxili bazarında alıcıların sayının azlığıdır:
“Yəni liberal bazarın olmamasıdır. Məhsulların bir çoxu istiqamətində inhisarçılıq mövcuddur. İnhisarçılıq qiymətlərin ucuzlaşması, rəqabət mühitində formalaşması, maksimal həddə çatması, mənfəət normasından arzuolunan həddə qədər aşağı düşməsi kimi proseslərin qarşısını alır. Qiymətlərin artırılması istiqamətində başqa ölkələrlə, liberal bazarlarla müqayisədə daha əlverişli şərait var. Təbii ki, digər faktor isə hökumətin özünün əlində olan təşviq alətlərdən arzuolunan səviyyədə istifadə etməməsi məsələsidir”.