Ölkədə rüsumların artırılması ilə bağlı ciddi narazılıqlar var. Ötən gün keçirilən parlament iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirə edilib. Diskussiya zamanı deputat Sabir Rüstəmxanlı bildirib ki, bu gün Azərbaycan cəmiyyətini rüsum və cərimələrlə bağlı məsələlər narahat edir:
“Artırılan cərimələr insanların əməkhaqqı, pensiyası ilə uyğun gəlirmi?
Bu şəkildə olmaz. Biz nəyə səs veririk? Bu insanları narahat edir. Çölə çıxanda maskanı unudursan dərhal cərimə yazırlar. Rüsumların artırılması ilə bağlı ciddi narazılıqlar var. Cəmiyyətin böyük bir hissəsinin əsəbləri ilə oynayırıq. Buna cavab verilməlidir”.
Məsələ barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov diqqətə çatdırıb ki, rüsumun artırılmasının səbəbi kimi indiki şərtlər daxilində yalnız bir məqam gündəmə gələ bilər:
“O da həmin xidmətin istehsalı, göstərilməsi ilə bağlı xərclərin artmasıdır. Son dövrlərdə faktiki olaraq elektronlaşma, digital texnologiyaların tətbiqi sürətlə davam edir. Hökumət əmək qüvvəsinə qənaət üçün kifayət qədər imkanlar yaradıb. Belə bir şərtlər daxilində düşünmürəm ki, dövlət qurumları tərəfindən göstərilən xidmətlərin maya dəyərində artım olsun”.
İqtisadçı bunu da əlavə edib ki, hazırda faktiki olaraq pandemiyadan əziyyət çəkən, yoxsullaşan bir cəmiyyətlə üz-üzəyik:
“Əhalinin gəlirləri sürətlə inflyasiya fonunda dəyərsizləşir. Sahibkarlar əvvəlki kimi əmək haqqı fondunu istədiyi qədər artıra bilmir. Belə bir şəraitdə rüsumların artırılması ciddi maliyyə yükü yaradır. Ailə büdcələrinin qeyri-səmərəli istifadəsi imkanları daha da məhdudlaşdırır.
Həmçinin bu, əlavə xərc yükü kimi dolayısı ilə biznes tərəfindən təqdim olunan xidmətlərin də üzərinə əlavə olunacaq. Yəni o istiqamətdə də müəyyən qədər inflyasiya artımlarını şərtləndirəcək.
Hökumətin bu gün biznesə hansısa müdaxiləsi imkanı yoxdur. Hökumət kiməsə əmək haqqını artırmaqla bağlı göstəriş verə bilməz. Bu, bazarda tələb və təklifdən asılıdır.
Qiymətlərin, rüsumların artırılması ilə bağlı qərarların qəbulu doğru yanaşma deyil. Deputatın fikirlərinin bir çox hissəsi ilə razıyam”.