Sultan Zahidov: "Ermənistanın hazırkı vəziyyəti bir növ bataqlıqda çapalayan və saman çöpündən yapışmağa çalışan insana bənzəyir"
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Rusiyadan vasitəçi olması üçün müraciət edib. Bununla bağlı həftəlik brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
M.Zaxarova bildirib ki, Ermənistanın rəsmi Ankara ilə İrəvan arasında münasibətlərin qurulmasında vasitəçi olması üçün Rusiyaya müraciət etdiyini təsdiq edə bilər:
“Rusiya bunda maraqlıdır. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına çalışıb. Ölkəmiz bundan sonra da bu məsələyə öz töhfəsini verməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda ümumi vəziyyətin sağlamlaşmasına, mehriban qonşuluq və etimad mühitinin yaranmasına öz ərməğanını verə bilər. Hazırda bu, aktualdır”.
Həmçinin, 2022-ci il yanvarın 1-dən Ermənistan Türkiyə mallarının idxalına qoyulan qadağanı aradan qaldıracaq. Bəzi mətbu qaynaqların məlumatına görə, yaxın aylarda türk geyim, ayaqqabı, kosmetika və digər malların idxalına qoyulan qadağa götürüləcək.
Ermənistanın çabalarını “Şərq”ə şərh edən beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov qeyd edib ki, Ermənistanı belə qərar verməyə məcbur edən müəyyən faktorlar var idi:
“Ermənistanın hazırkı vəziyyəti bir növ bataqlıqda çapalayan və saman çöpündən yapışmağa çalışan insana bənzəyir. Bildiyimiz kimi Ermənistan uzun müddət aqressiv işğalçı siyasəti nəticəsində bölgədəki layihələrdən kənarda qalıb. Bu da onun sosial-iqtisadi vəziyyətinə ağır şəkildə təsir göstərib.
Ermənistanın ümumi vəziyyətinə mənfi təsir edib. İkinci Qarabağ müharibəsində o acı məğlubiyyət Ermənistandakı durumu daha da uçuruma doğru aparıb. Sözsüz ki, bütün bunlardan sonra gözləmək olardı ki, Ermənistan düzgün addımlar atmağa başlayacaq. Bölgədə sülh və əmin-amanlıq üçün bir növ əlini uzatmış olacaq. Azərbaycan üçün əlini geri çevirməyəcək”.
Mütəxəssis diqqətə çatdırıb ki, sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə yanaşı beynəlxalq təzyiqlər də Ermənistana təsirsiz ötüşmür:
“İndiki vəziyyətdə Ermənistanın imici onsuz da çox aşağı səviyyədədir. Azərbaycanın sülh təklifi və ya Rusiyanın vasitəçiliyinə müsbət cavab verməməsi ilə statusu daha da neqativ nəticələnəcək. Digər amil Rusiyanın özünün də təzyiq göstərməsindən ibarətdir.
Rusiya bildirir ki, qarantı olduğum üçtərəfli bəyanatın maddələri yerinə yetirilməlidir. Həmin maddələrdən biri də regiondakı kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Hazırda görürük ki, artıq Ermənistan rəhbərliyindən bu barədə etiraz doğurmayan çıxışlar səslənir. Bu, birdən-birə baş verəcək bir proses deyil.
Çünki Ermənistanın daxili auditoriyası hələ buna hazır olmalıdır. Həmçinin 15 dekabrda Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında baş tutacaq Brüssel görüşünü nəzərə alsaq, bununla bağlı müsbət addımların artıq atıldığının şahidi oluruq”.