Dünən Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra paraflanıb. Bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb. Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıblar.
Müqaviləyə görə, il ərzində İran üzərindənTürkmənistandan Azərbaycana 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.
Müqavilənin əhəmiyyətini “Sherg.az” şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Türkmənistan, İran və Azərbaycan arasında bağlanan üçtərəfli qaz sazişində “Spot” müqavilədən söhbət gedir:
“Burada 1.5-2 milyard kubmetr həcmində qazın idxalı nəzərdə tutulur. Azərbaycanın qaza tələbatını öz daxili ehtiyatlarımız hesabına ödəyə bilirik. Ölkəmiz müvafiq qaz ehtiyatlarını həm daxili, həm də xaricə ixrac etməyə müvafiq imkan yaradır. Üçtərəfli müqavilə strateji baxımdan Transxəzər qaz kəməri layihəsinin zəruri xarakter daşıdığını bir daha ortaya qoyur. Transxəzər Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan qaz layihəsidir. İllərdir ki, bu, gündəlikdə, masa üzərində qalan məsələlərdən biridir. Cənub Qaz Dəhlizinin çəkilişinin reallaşmasından sonra qaz mübadiləsi daha da aktual xarakter daşıyır. Müqavilənin imzalanması ilə Türkmən qazının Azərbaycandan birbaşa Avropaya satılması perspektivlərinə yol açılır”.
İqtisadçı diqqətə çatdırıb ki, İranın tranzit ölkə rolunda çıxış etməklə bərabər, öz şimal bölgələrini təbii mavi yanacaqla təmin etmək imkanları yaranır:
“Bu, müqavilənin əsas qayəsidir. Qazanan isə həm də İran olur. Bu nöqteyi-nəzərdən müqavilənin vacibliyi çoxşaxəlidir. Strateji məqsəd daşıyır. Sözügedən müqavilədən Azərbaycanın həm indi, həm də gələcək mənfəətləri kifayət qədər böyükdür”.