Bank sektorundan narazılıq: Kredit faizləri və xidmət haqları yüksəkdir, sistem çökür...

Şair, publisist Aysel Əlizadə öz Feysbuk hesabında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarla bağlı paylaşım edib. A.Əlizadə yazıb:

“İnsanlarımızı o qədər aldadıblar ki, millət banklara inanmır. “Azər Türk Bank”ı bank bilib, illərdir müştərisi olmuşam. Müştəri az idi, adam balası kimi iş görürdülər. İnsanlar mənim kimi avamlara inanıb, gəldi bu banka, vəssalam. Müştəri artıb. Üstəlik qanunları bilməyən qohum-əqrəba, dost-tanışlarını işə doldurublar, altını biz çəkirik. Guya dövlət bankıdır, məni üç saat əsəb, isterika həddinə çatdırıblar. 

O deyir, bu şöbəyə gedin, bu deyir, ora gedin. Adamı incidirlər. Elementar qanunları bilmirlər, düz üç saatdır vaxtımı alıblar. Adi əməliyyatı edib, bitirmirlər. Axırda da qayıdasan ki, xanım, gecdi, kassa bağlanır. Yəqin ki, nə hala düşdüyümü təsəvvür edərsiniz. Qanunu göstərib, dava salıb, kassanı açdırmışam. Niyə biz insan kimi mədəni ölkəmizin bankına güvənə bilmirik? Hesabımı da bağlayıram, bu bank mənim üçün bitdi”. 

Həqiqətən də insanlar banklarda problemlərlə qarşılaşdıqlarının şahidi oluruq. Məsələlərdə nöqsanları zaman-zaman dilə gətirirlər. Banklarda faiz dərəclərinin yüksək olması, bəzən işçilərin laqeydlikləri, bəzən də sistemdə yaranan problemlərlə bağlı narazılıqlara çox rast gəlirik. 

Vətəndaşların narazılıqları barədə fikirlərini “Sherg.az”a bölüşən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla bağlı Azərbaycandakı durum çox da ürəkaçan deyil: 

“Kompüter, sistem işləmir tipli cümlələr qurmaq Azərbaycanda adi hala çevrilib. Bu da, insanları aldatmaq yoludur. Təbii ki, banklar öz təhlükəsizliyini qorumaqla yanaşı, ödəniş sistemlərinin unifikasiyasını həyata keçirməlidir. Təəssüf ki, uzun müddət Azərbaycanda Mərkəzi Bank (AMB) və Beynəlxalq Bank (ABB) arasında “görünməyən  münaqişələr”,  “nüfuz savaşı” olurdu. O zamanlar kiçik bankların ödəniş sistemləri fərqli idi. Bu həm də sistemin uyğunlaşmaması anlamına gəlirdi. Bankdan banka köçürmələr zamanı böyük faiz dərəcələrinin tutulması və bu xidmət haqqının yüksəkliyi insanlarda narahatlıq yaradır”.

İqtisadçı onu da əlavə edib ki, banklar əsasən Azərbaycanda müxtəlif holdinqlərə, oliqarx qruplara məxsusdur:

 “Ona görə də əsasən kassa funksiyalarını yerinə yetirirlər. Nağdsız hesablaşmalar çox az həyata keçirilir. Nağdsız hesablaşmaların stimullaşdırılması haqqında ölkə başçısının təqribən 10 il əvvələ aid fərmanı var idi. Buna baxmayaraq daha çox nağd pul kütləsinin işləməsi, çoxalması Mərkəzi Bank tərəfindən stimullaşdılırılırdı. Ancaq son illərdə vergi xidməti tərəfindən  nağdsız hesablaşmaların stimullaşdırılması addımları atıb. Bu da müsbət mənada İqtisadiyyat Nazirliyinin iqtisadiyatı şəffaflaşdırmaq, azaltmaq haqqında müxtəlif tədbirləri hesab edilə bilər. Ona görə də sistemlər yüklənir. Amma bir banka məxsus olan bankomatdan başqa bir bankın kartı ilə vəsait köçürdükdə, pul çəkdikdə  bir neçə faiz tutulması anormallıqdır .Bunları aradan qaldırmaq lazımdır. Hələ də Azərbaycanın bank sektorunda vəziyyətin normal olduğu qənaətində deyiləm”. 

N.Bəydəmirli həmçinin əlavə edib ki, Mərkəzi Bankın(MB) uçot dərəcəsinin artırılması istər, istəməz kredit resurslarını bahalaşdırır:

“Bahalaşma da öz növbəsində iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Vətəndaşların real gəlirlərinin azalmasına, inflasiyanın artmasına səbəb olub. Adətən uçot dərəcəsinin artırılmasını MB daha çox inflasiyanın önləyici tədbiri kimi qiymətləndirir. Azərbaycanda bank kapitalının ÜDM-nin (Ümum Daxili Məhsulun) istehsalında faiz dərəcəsi aşağıdır. Buna görə də bank sektoru daha çox nağdlaşdırma və digər funksiyalarla məşğul olur. Daha çox kassa funksiyasını yerinə yetirir. Bu səbəbdən geniş bank sektorunun ÜDM-də iştirakı azdır. Əsas təkanverici qüvvə dövlət investisiyaları və s.-dir. Banklar məmur kapitalına aid olduğuna görə böyük kütləni əhatə edə bilmir. 

Nəticə etibarilə kredit resursları uçot dərəcəsinə uyğun olaraq bahalaşırsa, bu da sadə vətəndaşın mənfəətinə mənfi təsir göstərir”.